“İran nüvə silahı əldə etsə, beş ölkəyə qarşı iddia irəli sürə bilər”

"İran nüvə silahı əldə edərsə, bu, bölgədə "Pandora qutusu"nun açılmasına bənzər prosesi tətikləyə bilər".

Teleqraf xəbər verir ki, bunu özbəkistanlı analitik Şuxrat Rasul yerli KİV-ə deyib.

"Bu halda, digər regional güclərin də nüvə silahı əldə etməyə çalışması ehtimalı artır. Məsələn, Türkiyə bu fürsəti nəzərdən keçirə bilər və buna nail olmaq üçün texnoloji potensiala da malikdir. Səudiyyə Ərəbistanı və Misir də nüvə proqramlarını sürətləndirməyə çalışa bilərlər.

Nəticədə, bu prosesin "domino effekti" ilə genişlənməsi və digər dövlətləri nüvə silahı əldə etməyə təşviq etməsi ehtimalı var. Bir dövlət nüvə silahını öz təhlükəsizliyi üçün zəruri hesab edərsə, qonşuları da bunu təhdid kimi qəbul edəcək və oxşar tədbirlər görməyə çalışacaqlar.

Beləliklə, nüvə silahına malik dövlətlərin sayı təkcə Yaxın Şərqdə deyil, həm də dünyanın digər bölgələrində kəskin şəkildə arta bilər. Məsələn, Cənub-Şərqi Asiyadakı bəzi ölkələr də belə bir nəticəyə gələ bilərlər: "əgər digər ölkələr nüvə silahı əldə edə bilirsə, niyə biz də bu fürsəti nəzərdən keçirməməliyik?", - ekspert qeyd edib.

Ş. Rasulun fikrincə, İran nüvə silahına yiyələnsə, gələcəkdə Mərkəzi Asiya ölkələrinə (Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Tacikistan) qarşı iddialarla çıxış edə bilər:

"İranın nüvə silahı əldə etməsi qlobal miqyasda nüvə silahlanması yarışını gücləndirə bilər. Bu baxımdan, İranın nüvə silahı əldə etməsi Mərkəzi Asiya üçün də müəyyən təhlükə yarada bilər. Bəzən deyilir ki, İran Mərkəzi Asiyanı "tarixi və mədəni cəhətdən yaxın bölgə" kimi görür. Əgər bu cür fikirlər səhv şərh olunarsa və ya siyasi ambisiyalarla birləşdirilərsə, gələcəkdə regional münasibətlərdə müxtəlif narahatlıqlara səbəb olacağı ehtimalını inkar etmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31