Fransız casusa hökm oxundu

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə keçirilən prosesdə Martin Rayan 10 il, Azad Məmmədli isə 12 il azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa, Martin Rayanın cəzasını çəkib başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılacaq.

Prokuror çıxışında isə Martin Rayanın 11 il, Azad Məmmədlinin isə 14 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına görə, Martin Rayanın Azərbaycanda istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31