Aİ-də sənaye istehsalında ən böyük azalma qeydə alınan ölkə açıqlanıb
20:05 DünyaRumıniya Avropa İttifaqında sənaye istehsalının ən çox azaldığı ölkələrdən birinə çevrilib.
Olaylar.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara görə, 2026-cı ilin yanvar ayında sənaye istehsalı əvvəlki ayla müqayisədə həm avrozonada, həm də Aİ üzrə azalıb.
Məlumata əsasən, yanvar ayında sənaye istehsalı avrozonada 1,5 faiz, Avropa İttifaqında isə 1,6 faiz azalıb. Ən böyük geriləmələr İrlandiya (-9,8 faiz), Lüksemburq (-4,3 faiz), İsveç (-4,1 faiz) və Rumıniyada (-3,3 faiz) qeydə alınıb.
Rumıniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkədə sənaye istehsalının azalması əsasən emal sənayesində və hasilat sektorunda geriləmə ilə bağlıdır. Yanvar ayında emal sənayesində istehsal 6,4 faiz, hasilat sənayesində isə 2 faiz azalıb. Bununla yanaşı, elektrik və istilik enerjisinin, qaz və isti suyun istehsalı və təchizatı sektorunda artım müşahidə olunub.
Məlumata görə, 2026-cı ilin yanvarında Rumıniyada sənaye istehsalı əvvəlki ay - 2025-ci ilin dekabrı ilə müqayisədə də azalıb. Bu dövrdə ümumi sənaye istehsalı 7,3 faiz geriləyib.
Qeyd olunur ki, Avropada sənaye sektorunda zəifləmə son aylarda bir sıra ölkələrdə müşahidə olunur və bu tendensiya qlobal iqtisadi mühitdəki qeyri-müəyyənlik və istehsal xərclərinin artması ilə əlaqələndirilir.