Pezeşkianla bağlı bu xəbər heyrət doğurdu – Küçədə gəzən bənzəri olub?
19:46 Dünyaİranda "Qüds günü" ilə bağlı keçirilən yürüşlər zamanı prezident Məsud Pezeşkianın xalqın arasında göründüyünü əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. İran prezidenti küçədə yürüş zamanı xüsusi qoruma olmadan irəliləyir. Lakin yayılan görüntülərlə bağlı müxtəlif fikirlər səslənir.
Bəzi istifadəçilər bunun real görüntülər olduğunu və Pezeşkianın həqiqətən də yürüşdə iştirak etdiyini bildirir. Digərləri isə kadrlarda manipulyasiya ehtimalının olduğunu, hətta görüntülərin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini iddia edir. Bir başqa versiyaya görə isə, yürüşə qatılan Məsud Pezeşkianın oxşarıdır. Qeyd edək ki, dövlət başçılarının bənzəri olduğu, vaxtaşırı o bənzərlərdən istifadə edildiyi deyilir.
Bu müzakirələr isə xüsusilə hazırda regionda İsrail-ABŞ-İran münasibətlərinin gərgin olduğu bir dövrdə daha da diqqət çəkir. Belə bir şəraitdə İran prezidentinin kütləvi tədbirdə görünməsi siyasi baxımdan müzakirələrə yol açır.
Həqiqətənmi Məsud Pezeşkian bu günlərdə xalqın arasına çıxaraq yürüşdə iştirak edib, yoxsa yayılan kadrlar informasiya manipulyasiyasının bir nümunəsidir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Pezeşkianın yürüşdə iştirakla bağlı yayılan görüntülərinə dair tərəddüdlər başa düşüləndir.
Onun fikrincə, hazırkı informasiya mühiti fonunda sosial mediada real görüntü ilə saxta görüntünü ayırmaq bir xeyli çətinləşib:
"Amma mövcud məlumatlar göstərir ki, hadisə böyük ehtimalla realdır və prezident Pezeşkian həqiqətən də yürüş iştirakçıları arasında olub. Belə ki, bir neçə beynəlxalq media və agentlik də İran Prezidenti Məsud Pezeşkianın Tehranda Qüds günü yürüşündə iştirak etdiyini təsdiqləyib. Hətta Pezeşkiandan əlavə daha bir neçə yüksək vəzifəli şəxslərin də həmin aksiyada göründüyü bildirilir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, "Qüds günü" İranın siyasi və ideoloji gündəmində xüsusi yer tutur. 1979-cu il İran İnqilabından sonra təsis edilən bu gün əsasən Fələstin məsələsinə dəstək nümayiş etdirmək və İsrailə qarşı siyasi mövqeni vurğulamaq üçün istifadə olunur. Bu səbəbdən İranın ali siyasi rəhbərliyinin və yüksək vəzifəli şəxslərin həmin yürüşlərdə görünməsi yeni hadisə deyil. Tarixən müxtəlif prezidentlər və dövlət rəsmiləri bu tədbirlərdə iştirak edərək ictimaiyyət qarşısında mövqe nümayiş etdiriblər".
Politoloqun sözlərinə görə, hazırkı geosiyasi şərait, yəni Tehranın davamlı zərbələr altında qalması və liderlərin hədəf alınması fonunda İran Prezidentinin yürüşdə iştirakı bu görüntülərə əlavə siyasi məna qazandırır:
"Düşünürəm ki, belə bir şəraitdə prezidentin küçədə, kütlə arasında görünməsi təkcə protokol xarakterli iştirak deyil, həm də simvolik mesaj kimi qəbul olunur. Bu, bir tərəfdən hakimiyyətin güc nümayişidirsə, digər tərəfdən də Prezidentin insanların arasında təhlükəsizlik baryerləri olmadan görünməsi "hakimiyyət xalqdan uzaq deyil" mesajını verməyə yönəlmiş siyasi gedişdir. Başqa sözlə desək bu hadisə daxili ictimai həmrəylik görüntüsünü yaratmağa hesablanıb. Videonun qısa vaxt ərzində geniş şəkildə yayılması isə onu göstərir ki, müasir geopolitik mühitdə hətta sadə bir küçə gəzintisi videosu belə daha geniş siyasi və kommunikativ kontekstin parçasına çevrilə bilir".