İranda son durum: “Bəsic”in qərargahı, SEPAH-ın “Əbülfəzl” Korpusu və hərbi bazalarına şiddətli hücum oldu
15:04 DünyaABŞ və İsrail qırıcı təyyarələri Tehran üzərində uçuşlar həyata keçirib.
Hava hücumu zamanı paytaxtda bir neçə polis bölməsi və "Bəsic"in qərargahı hədəfə alınıb.
Nəsimşəhrdə SEPAH-ın "Əbülfəzl" Korpusunun qərargahı şiddətli hücuma məruz qalıb.
Kaşan şəhərində Rəcai Universitetinin yaxınlığında partlayış səsi eşidilib.
Əlborz əyalətinin Kordan rayonunda qırıcı təyyarələrin fasiləsiz səsi və bir neçə partlayış eşidilib.
Borazcanda raket bazası bombardman edilib.
Sircan şəhərində hərbi dəniz bazasına raket zərbəsi endirilib.
***
13:59
Tehranın qərbində, Tehransar rayonunda partlayış səsi eşidilib.
Paytaxtın 148-ci və 108-ci polis bölmələri hava hücumuna məruz qalıb
Həmçinin, Bəhreyn ordusu indiyə qədər İrandan atılan 115 raket və 191 dronu məhv etdiyini açıqlayıb.
***
13:12
Tehranın Əfsariyyə rayonunda polis qərargahı hava hücumu zamanı dağıdılıb.
Paytaxtın Brianak, Cavadiyə və Hicab məhəllələri, eləcə də "Firdovsi" meydanında partlayışlar baş verib
Kərəcdə də partlayış səsi eşidilib.
Məlumata görə, gecə saat 01:00-dan 09:00-a qədər Təbrizə fasiləsiz hücum edilib.
***
12623
"Reuters" İraqın şimalında, Ərbilin qərbindəki "Lanaz" neft emalı zavoduna PUA hücumu barədə məlumat yayıb. Zavodun bir hissəsinə məhdud ziyan dəysə də, fəaliyyəti davam edir.
Behşəhr şəhərində telekommunikasiya qurğusu ikinci dəfə hücuma məruz qalıb.
Xürrəmşəhr, Şiraz və Əhvaz şəhərlərində bir neçə partlayış səsi eşidilib.
Bəndər Abbasda bir neçə istiqamətdə şiddətli bombardmanların olduğu bildirilib.
Tehranın bir neçə rayonunda partlayış olub. Paytaxtda baş verən partlayışlar zəlzələyə bənzər təkanlara səbəb olub. Şəhərin bir neçə istiqamətdə qırıcı təyyarələrlə bombardman edildiyi deyilir.
Xomeyn şəhərinin ətrafında hava zərbələri endirilib.
***
12:03
İsrail Müdafiə Qüvvələri Qəzvin və Tehran sakinlərinə fars dilində xəbərdarlıq edib: "Biz hərəkətə keçməyə hazırıq, dərhal təxliyə olun".
***
12:00
İsrail Səhiyyə Nazirliyi bildirib ki, fevralın 28-də İranda hərbi əməliyyat başlayandan bəri hücumlarda ən azı 2975 nəfər yaralanıb.
***
11:48
İsrail ordusu Tehran, Şiraz və Əhvazda hökumət infrastrukturuna hücumlar həyata keçirdiyini açıqlayıb. Şirazda ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilən yeraltı obyekt də hədəfə alınıb.
Məlumata görə, Tehrana hücumlarda ağır bombalardan və bunker partlayıcılarından istifadə edilib. Şəhərin müxtəlif yerlərində güclü partlayışlar olub. Ponak, Mərzdaran, İslamşəhr, Rey, Lavasan, Pərdis, Zəfəraniyyə, Dolat, Sührəvərdi, Naziabad və Tehranparsda da şiddətli bombardman baş verib.
Həmədan şəhərinin ətrafındakı hədəflərə zərbələr endirilib.
Kərəcdə qırıcı təyyarələrin uçuş səsi və bir neçə partlayış eşidilib.
***
10:59
İranın paytaxtı Tehran və ətrafında silsilə partlayışlar barədə məlumat yayılıb.
Məlumata görə, hədəflərə qırıcı təyyarələrlə zərbə endirilib.
Həmçinin İranın Dubaya (BƏƏ) PUA hücumundan sonra şəhərdə partlayışın baş verdiyi bildirilib.
***
10:36
Məlumata görə, İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum nəticəsində Fransa əsgərləri yaralanıb.
Fransa Prezidenti Emmanuel Makron da bir əsgərin ölümüvə altı nəfərin yaralandığını açıqlayıb.
Makron hücumu "qəbuledilməz" adlandırıb.
***
10:24
Omanın dövlət xəbər agentliyi Sohar əyalətində PUA hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib.
***
10:15
İsrail mediası Qalileyaya raket düşməsi nəticəsində xəsarət alanların sayının 80-ə çatdığını bildirib.
"Kanal 12" bundan əvvəl raketin Hayfa şəhəri yaxınlığındakı Kiryat Tivonda bir binaya dəydiyini və binaya ziyan vurduğunu açıqlamışdı.
***
10:06
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi son saatlarda ölkənin hava məkanına daxil olan və şərq və mərkəzi əyalətlərə doğru hərəkət edən təxminən 50 dronu məhv etdiyini açıqlayıb.
Diplomatik məkana yaxınlaşan bir PUA da vurulub.
İranın İsrailə raket hücumundan sonra ölkənin şimalında 58 nəfər qəlpələrdən yaralanıb.
İsrail ordusu ölkənin şimalındakı Zərzir şəhərində İrana məxsus ballistik raketin vurulmasının təfərrüatlarını araşdırdığını və hücumun miqyası ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
***
09:56
İsrail ordusu son bir gündə İranın qərbi və mərkəzində 200-dən çox hədəfi vurduğunu açıqlayıb.
Gün ərzində onlarla İsrail qırıcı təyyarəsinin iştirakı ilə ümumilikdə 20 genişmiqyaslı hava hücumu həyata keçirilib. Raket buraxılış qurğuları, hava hücumundan müdafiə sistemləri və silah zavodları hədəf kimi müəyyən olunub.
***
09:55
Müharibənin 14-cü günündə İranın paytaxtı Tehran, Kaşan, İsfahan, Qum və Ərak şəhərlərinə zərbələr endirilib.
Tehranda təhlükəsizlik məntəqələri və "Bəsic" qüvvələrini hədəf alan dron hücumları barədə məlumatlar var. Paytaxt boyunca hava hücumundan müdafiə sistemi aktivləşdirilib, intensiv dron səsləri eşidilir.
Yanan neft anbarları havanın çirklənməsinə səbəb olduğu bildirilir. Tehran sakinlərinin xeyli hissəsi təxliyə edilib.
SEPAH da cavab zərbələri ilə bağlı açıqlama verərək, İsraili hədəf alan 44-cü hücum dalğasını bəyan edib.