Gürcüstan müxalifəti hakimiyyəti insan haqlarını pozmaqda ittiham edir – ÖZƏL
10:04 DünyaGürcüstanda müxalif qüvvələr ATƏT-in "Moskva mexanizmi" çərçivəsində hazırlanan hesabatına istinad edərək hakimiyyəti ciddi insan hüquqları pozuntularında ittiham ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə bəyanat Tbilisinin Rustaveli prospektində keçirilən aksiya zamanı "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuchava tərəfindən səsləndirilib.
"Oppozisiya Alyansı"nın yaydığı bəyanatda bildirilir ki, hesabatda hakimiyyətin insanlara qarşı işgəncə və qeyri-insani rəftar tətbiq etməsi, kimyəvi vasitələrdən istifadə, seçkilərin mənimsənilməsi, siyasi motivli həbslər, repressiv qanunların qəbulu və siyasi rəqiblərə qarşı avtoritar üsullarla mübarizə aparması kimi iddialar yer alır. Müxalifət bunu "hakimiyyətə qarşı beynəlxalq hökm" kimi qiymətləndirir.
Bəyanatda həmçinin qeyd olunur ki, hesabat Gürcüstan hakimiyyətini bütün siyasi məhbusları, xüsusilə siyasi liderləri dərhal azad etməyə çağırır. Bundan əlavə, sənəddə Gürcüstan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanır.
Müxalifət hesab edir ki, yaranmış vəziyyət fonunda ölkədə hakimiyyətin sülh yolu ilə dəyişdirilməsi zəruridir.