Ərəb ölkələri bombalanır, turistlər Bakıya gələcək

Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur. Ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 6 819 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 43,5 % çoxdur. Qərbi Avropa ölkələri arasında ən çox turist 2 185 nəfər olmaqla Almaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 2,8 dəfə çoxdur.

Qeyd edək ki, hazırda ABŞ və İsrailin İrana hücumları, İranın cavab tədbirləri səbəbindən Yaxın Şərqdə münaqişə davam edir. Regiondakı gərginlik turizm sektoruna ciddi təsir göstərir. İranın raket hücumları səbəbindən Körfəz ölkələrində hotel rezervasiyalarının ləğvində artım müşahidə olunub. "Palm Jumeirah" və "Downtown" şəhərlərində adətən öncədən sifariş edilən hotellərdə doluluq nisbətinin 20 faizdən aşağı düşdüyü bildirilir.

Yaxın Şərqdə baş verən münaqişə Azərbaycanda turizm sektoruna müsbət təsir edə bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, yanvar ayında Azərbaycana Avropa ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunması ölkənin turizm sektorunun tədricən canlandığını göstərir: "Statistikaya əsasən, Avropadan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb və xüsusilə Qərbi Avropa ölkələrindən gələnlərin sayında daha yüksək dinamika qeydə alınıb. Almaniyadan gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artması da Azərbaycanın Avropa bazarında turizm istiqaməti kimi daha çox tanınmağa başladığını göstərir. Digər tərəfdən, Yaxın Şərqdə davam edən gərginlik regionun turizm bazarına mənfi təsir göstərir. ABŞ və İsrail ilə İran arasında artan qarşıdurma və İranın raket hücumları səbəbindən Körfəz ölkələrində turizm axınında azalma müşahidə olunur. Bəzi məşhur turizm məkanlarında hotellərin doluluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsi turistlərin təhlükəsizlik baxımından alternativ istiqamətlər axtardığını göstərir".

İqtisadçı əlavə edib ki, belə şəraitdə Azərbaycan müəyyən mənada alternativ turizm istiqaməti kimi diqqət çəkə bilər. Ölkənin coğrafi baxımdan regiona yaxın olması, eyni zamanda nisbətən sabit və təhlükəsiz mühitə malik olması bəzi turistlərin planlarını dəyişərək Azərbaycana yönəlməsinə səbəb ola bilər. Xüsusilə Yaxın Şərq və Avropa bazarlarında təhlükəsizlik amili turizm seçimlərinə ciddi təsir göstərir.

Bununla yanaşı, münaqişələrin turizmə təsiri həmişə birbaşa və uzunmüddətli olmur. Turist axınının artması üçün ölkənin turizm infrastrukturu, xidmət keyfiyyəti, beynəlxalq tanıtım və uçuş imkanları da mühüm rol oynayır. Əgər bu istiqamətlərdə fəaliyyət gücləndirilərsə, regiondakı gərginlik fonunda Azərbaycanın turizm sektorunda müəyyən artım müşahidə oluna bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31