Afrika Avropa dövlətlərini qul ticarətinə görə məhkəməyə verməyə hazırlaşır

Afrika İttifaqına (Aİ) üzv dövlətlər qul ticarəti ilə bağlı bir sıra Avropa ölkələrinə qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmağı planlaşdırırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, Afrika İttifaqına daxil olan ölkələr keçmiş müstəmləkəçi dövlətlərə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmağa hazırlaşırlar. Onlar hesab edirlər ki, əsrlər boyu davam edən qul ticarəti və imperiya siyasəti bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir.

Qeyd olunur ki, Afrika ölkələri Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyadan reparasiya tələb etməyi planlaşdırır. Onların fikrincə, XVII-XVIII əsrlərdə həyata keçirilən transatlantik qul ticarəti "insanlığa qarşı cinayət" sayılır və buna görə maddi kompensasiya ödənilməlidir.

Uqandadan olan hakim Martin Okumu Masiga bildirib ki, tarixdə buna bənzər hallarla bağlı kompensasiyaların ödənilməsi presedentləri mövcuddur. Onun sözlərinə görə, Almaniya Holokostla bağlı reparasiyalar ödəyib, ABŞ isə İkinci Dünya müharibəsi zamanı internasiya düşərgələrində saxlanılan yapon əsilli amerikalılara kompensasiya verib.

Afrika İttifaqına üzv ölkələr hesab edirlər ki, tarixi ədalətin bərpası üçün qul ticarətinə görə məsuliyyət daşıyan dövlətlər də oxşar şəkildə kompensasiya ödəməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31