ABŞ-İran qarşıdurması: müharibə bitir, yoxsa yeni mərhələ başlayır?- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp CBS News-a müsahibəsində İranla müharibənin sona yaxınlaşdığını bəyan edib. Trampın sözlərinə görə, ABŞ və İsrailin birgə əməliyyatları nəticəsində İranın donanması, hava qüvvələri, raket sistemləri və dron istehsalı müəssisələri sıradan çıxarılıb.
Prezident həmçinin strateji Hörmüz boğazının hazırda açıq olduğunu, lakin bu keçidin tamamilə ABŞ-nin nəzarətinə keçməsi variantının müzakirə edildiyini vurğulayıb: "Əgər İran yeni addım atmağa çalışsa, bu, həmin ölkənin sonu olacaq". Tramp Müctəba Xameneinin yeni ali lider təyin olunması xəbərlərinə isə münasibət bildirməkdən imtina edib.
Trampın "İranın hərbi gücü qalmayıb" bəyanatı reallığı nə dərəcədə əks etdirir? Müharibə həqiqətən də sona yaxınlaşıb? Regionu hansı nəticələr gözləyir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olayalar.az-a açıqlama verib: 
" Donald Trampın bəyanatlarında bəzən qiymətləndirmələr həddən artıq maksimalist olur və düşünürəm ki, bu açıqlamalar da məhz həmin mövqenin davamıdır. Doğrudur, 11 gün ərzində ABŞ və İsrail İrana olduqca ağır zərbələr vurdular və İrana qarşı faktiki olaraq danışıqlarda irəli sürülən dörd tələbin əhəmiyyətli hissəsi həyata keçirildi.
Belə ki, İranın nüvə proqramına ağır zərbə vurulub, raket potensialının istehsal məntəqələrinə ciddi zərbələr endirilib, buraxılış sistemlərinin bir qismi sıradan çıxarılıb. İranın hərbi-dəniz donanması böyük ölçüdə gücünü itirib, yəni 46 gəmi sıradan çıxarılıb. Bundan başqa, İranın proksi qüvvələrinə də ciddi zərbələr vurulub. Bu baxımdan bir çox hədəflər üzrə müəyyən nəticələr əldə olunduğunu demək olar. Amma eyni zamanda nəzərə alsaq ki, savaş başlananda həm ABŞ, həm də İsrail İranda rejimin dəyişəcəyini bildirirdilər və xalqı etirazlara səsləyirdilər. Lakin bu məqsədlərə nail olunmadı və İranda rejim özünü qoruyub saxlaya bildi, hətta yeni liderini də seçdi. O ki qaldı Trampın bəyanatına və savaşın bitirilməsi ilə bağlı mövqeyinə. Savaşın bitməsi, əlbəttə ki, yaxşı olardı. Amma bu tərəflərin razılığı ilə baş versə, o zaman daha qalıcı nəticə verə bilər. Nəzərə alsaq ki, tərəflərdən biri hələ də altı aylıq ehtiyatlarının olduğunu və yeni, tam miqyaslı savaşa keçə biləcəyini bəyan edir, bu halda proses təkcə Trampın istəklərindən asılı olmaya bilər. Bu baxımdan tərəflər razılaşarsa və eyni zamanda İsrail də buna razılıq verərsə, savaş dayana bilər. Amma İranın gücünün tamamilə sıradan çıxarılması məsələsinə gəlincə, düşünürəm ki, bu bir qədər şişirdilmiş mövqedir. İranın müəyyən potensialı var və bu potensial hələ də qalır, müqavimət davam edir. Nəzərə alsaq ki, İranın bu potensialı müəyyən dərəcədə həm Çinlə, xüsusilə də Rusiya ilə əlaqələrdən asılıdır. İranın bu savaşdakı performansı və raketlərinin əvvəlki dövrlərlə müqayisədə daha dəqiq olmasına gəlincə isə hesab edirəm ki, burada Çin texnologiyasının da təsiri var. Çünki yüksək texnologiyalı naviqasiya sistemlərinin müəyyən hissəsinin Çin tərəfindən verildiyi sirr deyil.
Bu baxımdan Trampın bəyanatı müəyyən qədər reallığa əsaslanır- İranın potensialına ciddi zərbələr vurulub. Amma müharibənin sona çatması məsələsinə gəlincə, düşünürəm ki, bu proses ABŞ və İsrailin birgə razılığı ilə mümkün ola bilər və onlar istəsələr, bu prosesi dayandıra bilərlər.
Hesab edirəm ki, Donald Trampın planlarından biri də ondan ibarətdir ki, yaxın vaxtlarda Çinə səfər etməyi düşünür. Bu səfərə qədər müharibəni yekunlaşdırmaq istəyə bilər. Buna nail olub-olmayacağı isə artıq başqa məsələdir. Düşünürəm ki, buna cəhd edəcək. Çünki Çin səfəri ərəfəsində ora müəyyən nəticələr əldə etmiş lider kimi getmək istəyəcək. Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, Çinin də bu müharibə ilə bağlı öz maraqları var. Düşünürəm ki, Çinin mövqeyi ondan ibarət ola bilər ki, ABŞ bu İran bataqlığında ilişsin və bu da müəyyən mənada Çinin maraqlarına uyğun gələ bilər.
Bu baxımdan, Ukrayna-Rusiya müharibəsində olduğu kimi, bu savaşda da Çinin mövqeyinin nəzərə alınmasına ehtiyac yarana bilər, xüsusilə də İran tərəfindən". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31