Pentaqon rəhbəri: “İran üçün ən ağır gün bu gün olacaq"

ABŞ müdafiə naziri Pit Hegset İran ərazisinə endirilən hərbi zərbələrin daha da gücləndiriləcəyini açıqlayıb və bildirib ki, əməliyyatlar yaxın saatlarda daha intensiv mərhələyə keçə bilər.

Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanın yeni mərhələyə daxil olduğunu deyib. Onun sözlərinə görə, Amerika və müttəfiqləri hücumların miqyasını artırmaq niyyətindədir və bu gün zərbələrin ən ağır mərhələlərindən biri ola bilər. 

Hegset bildirib ki, ABŞ hərbi qüvvələri hər gün daha çox imkan əldə edir və İran üzərində təzyiqi artırır. Onun sözlərinə görə, əməliyyatlarda daha çox qırıcı eskadrilyalar, bombardmançı təyyarələr və yüksək dəqiqlikli silahlar istifadə olunur. 

Pentaqon rəhbəri eyni zamanda qeyd edib ki, ABŞ və İsrailin birgə əməliyyatları İranın hərbi infrastrukturu, raket bazaları və silah anbarlarını hədəf alır. ABŞ ordusu hesab edir ki, son günlərdə həyata keçirilən zərbələr nəticəsində İranın raket imkanları və hücum potensialı ciddi şəkildə zəiflədilib. 

Məlumata görə, fevralın sonunda ABŞ və İsrail İran ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. "Epic Fury" adlandırılan bu kampaniya çərçivəsində Tomahawk raketləri, pilotsuz aparat sistemləri və uzaqmənzilli silahlar tətbiq edilir.

Pentaqon rəhbərinin sözləri Vaşinqtonun qarşıdakı saat və günlərdə İran ərazisinə zərbələrin sayını və intensivliyini artırmağa hazırlaşdığını göstərir. Analitiklər hesab edir ki, ABŞ-ın bu mesajı həm də Tehrana psixoloji və siyasi təzyiq məqsədi daşıyır.

Hazırda Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır və ABŞ-İran qarşıdurmasının daha da genişlənməsi ehtimalı istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31