SEPAH-ın hava gücünə sarsıdıcı zərbə – İsfahan aerodromunda strateji itki

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) martın 7-dən 8-nə keçən gecə İranın İsfahan şəhərindəki hərbi aerodroma ağır zərbələr endirib.

Musavat.com xəbər verir ki, əməliyyat nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olan və İranın hava məkanının qorunmasında əsas rol oynayan ABŞ istehsalı "F-14 Tomcat" qırıcıları məhv edilib.

İsrail hərbi komandanlığının yaydığı rəsmi məlumata görə, Hərbi Hava Qüvvələrinin kəşfiyyatla birgə keçirdiyi bu miqyaslı hücumda təyyarələrin saxlanma anqarları, həmçinin İsrail aviasiyası üçün təhlükə yaradan radiolokasiya və hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Bu zərbə iki gün əvvəl Tehranın Mehrabad hava limanında SEPAH-ın "Qüds" qüvvələrinə məxsus 16 təyyarənin sıradan çıxarılmasının davamıdır.

Hərbi ekspertlər qeyd edirlər ki, 1979-cu il inqilabından əvvəl ABŞ-dan alınan bu nadir F-14 donanmasının məhv edilməsi İranın havada özünü müdafiə imkanlarına vurulmuş ən ağır zərbələrdən biridir. Eyni zamanda, martın 8-nə keçən gecə Tehranın Şahran neft emalı zavodunda da İsrail zərbələri nəticəsində böyük yanğın başladığı bildirilir. Bu əməliyyatlarla İsrail İran səmasında tam üstünlüyü ələ keçirməyi və SEPAH-ın müqavimət potensialını minimuma endirməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31