NYT: İran İsfahandakı obyektin dağıntıları altından zənginləşdirilmiş uran çıxara bilər

İran İsfahandakı nüvə obyektinin dağıntıları altında qalan əsas yüksək zənginləşdirilmiş uran ehtiyatını dar tunel vasitəsilə əldə edə bilər.

Bu barədə "The New York Times" (NYT) məxfi hesabatlarla tanış olan bir neçə rəsmi şəxsə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, fevral ayında çəkilmiş peyk görüntülərində qərb girişi də daxil olmaqla, tunellərin bir neçə girişində genişmiqyaslı qazıntı işləri aparıldığı görünür. Kommersiya peyklərindən əldə edilən ardıcıl görüntülərdə torpaqda hərəkətlilik qeydə alınıb. Bununla belə, NYT bildirib ki, torpağın daşındığı, yoxsa gələcək zərbələrdən qorunmaq üçün girişlərə yığıldığı aydın deyil.

Sözügedən uran ehtiyatları 12 günlük müharibə zamanı ABŞ-nin zərbələrindən sonra dağıntılar altında qalıb. Amerika rəsmiləri bildiriblər ki, ABŞ kəşfiyyatı İsfahandakı obyekti fasiləsiz müşahidə edir. Onların sözlərinə görə, ABŞ İranın və ya digər qrupların uran ehtiyatlarının yerini dəyişmək üzrə istənilən cəhdini aşkar etmək və buna reaksiya vermək iqtidarındadır.

NYT qeyd edib ki, İsfahanda dağıntılar altında qalan uran ehtiyatı İranın nüvə silahı yaratması üçün əsas element ola bilər. Bununla yanaşı, qəzet vurğulayıb ki, İranın qaz halında olan və konteynerlərdə saxlanılan uranın yerini nə qədər tez dəyişə biləcəyi hələlik aydın deyil.

Amerika rəsmilərinin məlumatına görə, İran təxminən 970 funt (təxminən 440 kq) yüksək zənginləşdirilmiş urana malikdir və bu ehtiyat, əsasən, İsfahanda yerləşir. Uranın cari zənginləşdirilmə səviyyəsi 60 % təşkil edir, nüvə silahı yaratmaq üçün onu 90 %-ə çatdırmaq lazımdır. NYT yazıb ki, əgər sentrifuqalar işlək vəziyyətdədirsə, bu addımı həyata keçirmək nisbətən asandır.

Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İsrailin hərbi kampaniyasına qoşularaq nüvə təhdidinin aradan qaldırılması üzrə əməliyyat çərçivəsində İranın əsas nüvə obyektlərinə zərbələr endirib. Hücumun hədəfləri Fordo, Natanz və İsfahandakı yeraltı komplekslər olub./report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31