Bakının iki dostundan Tehrana mesaj: Naxçıvana hücumdan sonra nələr baş verib?
6 Mart 14:40 Dünya"Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hava limanının sərnişin terminalının və Şəkərabad kəndi yaxınlığındakı məktəbin İrana məxsus dronların hədəfinə çevrilməsi təəssüf doğurur. Tehran bununla gərginliyi ciddi şəkildə həm artırır, həm də münaqişəni Yaxın Şərqdən kənar regionlara daşıyır".
Bu sözləri Globalinfo.az-a pakistanlı politoloq, professor Mahmud Ul Hasan Xan İranın Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumlarını şərh edərkən deyib.
Politoloq bildirib ki, hücumun vaxtı xüsusi diqqət çəkir:
"Çünki bir gün əvvəl Prezident İlham Əliyev Bakı şəhərində yerləşən İran səfirliyini ziyarət etmiş və İranın ali lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı başsağlığı vermişdi. Lakin bundan sonra İranın belə bir hücum həyata keçirməsi həmin xoşniyyətli addımı kölgə altına saldı.
Azərbaycan hazırda haqlı olaraq İrandan izahat tələb edir və ölkənin müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirilib. Bundan əlavə, hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Demirçilou Xarici İşlər Nazirliyinə çağırılıb.
Prezident İlham Əliyevin hadisədən sonra İranı "terror aktı" törətməkdə ittiham etməsi də haqlı reaksiyadır. Prezident vurğulayıb ki, İran rəsmiləri Azərbaycan tərəfinə izahat verməli, rəsmi şəkildə üzr istəməli və bu terror əməlini törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Bu gün Azərbaycan ordusu "tam döyüş hazırlığı" vəziyyətinə gətirilib. Bu, hər bir suveren dövlətin atmalı olduğu qanuni addımdır. Təəssüf ki, İran uzun müddətdir Azərbaycan hökumətini ölkəni İsrailin casus bazasına çevirməkdə ittiham edir. Lakin bu ittihamlar daha çox siyasi ritorika və əsassız təbliğat xarakteri daşıyır. Bununla belə, dron zərbələri Azərbaycan hökumətinə ABŞ və İsraildən uzaq durmaqla bağlı açıq mesaj kimi də qiymətləndirilə bilər".
Politoloq qeyd edib ki, bu insident Qafqaz regionunda gərginliyi daha da artıracaq:
"Region ölkələri - Ermənistan, Azərbaycan və Gürcüstan - müharibə fonunda neytral mövqe nümayiş etdirməyə çalışır, genişlənən qeyri-sabitliyə cəlb olunmamaq niyyətindədirlər.
Ermənistan və Azərbaycanın İranla sərhədinin olması səbəbindən mümkün miqrasiya böhranı riski də arta bilər. Azərbaycana qarşı növbəti ehtimal hücumların qlobal hava nəqliyyatı üçün də ciddi nəticələr doğurması mümkündür. Artıq Yaxın Şərqdə hava məkanlarının bağlanması səbəbindən uçuşlar ciddi şəkildə pozulub. Azərbaycanın hava məkanı Asiya ilə Avropa arasında uçuşlar üçün mühüm marşruta çevrilib və burada yaranacaq hər hansı problem aviaşirkətlər üçün əlavə çətinliklər yarada bilər. Hətta Pakistan hökuməti də Tehrandan köçən vətəndaşlarının qəbul olunması üçün Azərbaycan hökumətinə rəsmi müraciət edib.
Azərbaycanın İrana qarşı cavab addımı atmaqla bağlı bəyanatları Türkiyə üçün mürəkkəb vəziyyət yarada bilər. Ankara Tehranla uzunmüddətli diplomatik və ticarət münasibətlərinə malikdir, eyni zamanda Bakı ilə sıx strateji və hərbi əlaqələrə sahibdir. Bundan əlavə, Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli təhlükəsizlik dialoqu və güclü hərbi əməkdaşlığı mövcuddur. Bu kimi tərəflər də Tehrana Bakıya qarşı hər hansı yeni hücumdan çəkinməyi tövsiyə edirlər".
Turan Rzayev
Globalinfo.az