Sərhədlər 24/7 nəzarətdə: Milli Müdafiə Nazirliyi qaçqın şayiələrinə son qoydu

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Türkiyə sərhədlərinə doğru kütləvi qaçqın axınının başlaması ilə bağlı yayılan məlumatları rəsmən təkzib edib.

Olaylar.az xəbər verir ki, nazirliyin açıqlamasında sosial şəbəkələrdə və bəzi media resurslarında yer alan iddiaların əsassız olduğu vurğulanıb.

Nazirlik bəyan edib ki, İranla olan 560 kilometrlik sərhəd xətti ən müasir texnoloji vasitələr və çoxmərhələli mühafizə sistemləri ilə 24/7 rejimində fasiləsiz qorunur. "Sərhədlərimizdə hər hansı qeyri-qanuni keçid və ya kütləvi insan axını qeydə alınmayıb. Türkiyə Silahlı Qüvvələri regionda baş verən hadisələrlə bağlı bütün mümkün ssenarilərə qarşı lazımi tədbirləri görür", - deyə məlumatda qeyd olunub.

Eyni zamanda bildirilib ki, sərhəd bölmələri həm qeyri-qanuni miqrasiya, həm də terror fəaliyyətlərinin qarşısını almaq üçün ən yüksək hazırlıq vəziyyətindədir. Rəsmi Ankara vətəndaşları yalnız dövlət qurumlarının açıqlamalarına etibar etməyə və manipulyasiya xarakterli məlumatlardan uzaq durmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31