İsrail İranla münaqişədə yaralananların sayını açıqlayıb

İsrailin Səhiyyə Nazirliyi son 24 saat ərzində İranla yaşanan münaqişə ilə əlaqədar ölkə xəstəxanalarına 199 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olduğunu bildirib.

Trend bu barədə "Times of Israel"ə istinadən xəbər verir.

Onlardan 14-ün vəziyyəti orta-ağır qiymətləndirilir. Ümumilikdə toqquşmaların başladığı gündən (28 fevraldan) bəri xəstəxanalara 1473 nəfər çatdırılıb.Onlardan 145 nəfəri hələ də xəstəxana palatalarında və ya reanimasiya şöbələrində qalmaqdadır, qalanlarının müalicə olunaraq evə buraxıldığı deyilir. 4 yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31