Ermənistan müxalifəti: "Qarabağ mübarizəsindən əl çəkmək beynəlxalq hüququ tapdalamaqdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, fevralın 20-də Ermənistanın "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryan, Qarabağdakı keçmiş qondarma rejimin nümayəndələri və bəzi siyasətçilər Qarabağ hərəkatının 38-ci ildönümü münasibətilə "Yeraplur" hərbi panteonunu ziyarət ediblər.

Ziyarət zamanı Artur Xaçatryan kəskin bəyanatlar verərək bildirib ki, "Qarabağ xalqının" öz hüquqları uğrunda mübarizə aparmaq haqqı var və buna heç kim qadağa qoya bilməz. O, mövcud hakimiyyəti tənqid edərək qeyd edib ki, bu hərəkatın köklərini qurutmağa çalışanlar dövlətçiliyi məhv edirlər. Xaçatryanın fikrincə, əgər Nikol Paşinyan geri qayıdış hüququna qarşı çıxırsa, bu, Azərbaycanın atdığı addımlara bəraət qazandırmaq deməkdir.(?)

Deputat həmçinin əlavə edib: "Əgər hazırkı hakimiyyət xalqı müharibə ilə qorxudaraq şantaj edirsə, bu, beynəlxalq hüququn üzərindən xətt çəkməkdir. Boynunu baltanın altına qoyan xalq məhvə məhkumdur."

Keçmiş separatçı rejimin nümayəndəsi Aşot Danielyan isə bildirib ki, mübarizənin dayandırılıb-dayandırılmaması barədə qərarı tək bir şəxs verə bilməz. O, Ermənistanda Qarabağ məsələsinin itirilməsi ilə barışmayan çox sayda insanın olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31