"Ottava Konvensiyası" bitdikdən 48 saat ərzində sərhəd minalana bilər - Baş nazir
19:15 DünyaPolşa "Ottava Konvensiyası"ndan çıxacağı təqdirdə, təhlükə yaranarsa 48 saat ərzində şərq sərhədi boyunca piyada əleyhinə minalar yerləşdirə bilər.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, müqavilədən çıxış Polşaya zərurət yaranacağı halda qısa müddətdə müdafiə tədbirləri görmək imkanı yaradacaq.
Məlumata görə, Rusiyanın Norveç istisna olmaqla Avropadakı əksər qonşuları piyada əleyhinə minaların istehsalı və istifadəsini qadağan edən sənəddən çıxmaq istiqamətində addımlar atdığı bir vaxtda, Polşa da təhlükəsizlik siyasətini sərtləşdirir. Rəsmi Varşava Belarus və Rusiyanın Kalininqrad anklavı ilə sərhədlərin qorunması məqsədilə minaların "Şərq Qalxanı" layihəsi çərçivəsində yerləşdirilməsini planlaşdırır. Polşanın müqavilədən çıxma prosesinə ötən ilin avqust ayında başlayıb. Altı aylıq prosedur 20 fevral 2026-cı ildə başa çatacaq və bundan sonra ölkə rəsmi olaraq konvensiyadan çıxmış sayılacaq.
Qeyd edək ki, "Ottava Konvensiyası" rəsmi adı ilə "Piyada Əleyhinə Minaların İstifadəsinin, Ehtiyatda Saxlanmasının, İstehsalının və Transferinin Qadağan Edilməsi və Onların Məhv Edilməsi haqqında Konvensiya"dır və 1997-ci ildə qəbul edilmiş beynəlxalq müqavilədir. Sənəd piyada əleyhinə minaların istifadəsini, istehsalını və saxlanmasını qadağan edir, həmçinin mövcud ehtiyatların məhvini nəzərdə tutur.
Hazırda 160-dan çox ölkə konvensiyaya qoşulub. Lakin ABŞ, Rusiya və Çin kimi bəzi böyük hərbi dövlətlər konvensiyaya qoşulmayıb.