Ukraynada “Ukrpoçta” şöbələri yandırılır- şirkət rəhbəri hər həftə təxribat olduğunu açıqladı -ÖZƏL 

Ukraynada "Ukrpoçta"nın şöbələrinin hər həftə yandırıldığı bildirilir. Olaylar.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İqor Smelyanski "RBC-Ukrayna" agentliyinə müsahibəsində açıqlama verib.
Onun sözlərinə görə, poçt şöbələrinə qarşı hücumlar çağırış vərəqələrinin paylanması ilə əlaqədardır:
"Demək olar ki, hər həftə şöbələrimizi yandırırlar, çünki biz çağırış vərəqələri çatdırırıq", - deyə Smelyanski bildirib.
Baş direktor qeyd edib ki, "Ukrpoçta" Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və çağırış vərəqələrinin paylanması planını yerinə yetirmək üçün hərbi infrastruktur statusu alıb. Onun sözlərinə görə, şirkətin bütün hərbi mükəlləfiyyətli əməkdaşlarına səfərbərlikdən möhlət (bron) verilib.
Smelyanski əlavə edib ki, mütəmadi baş verən yanğınlar nəticəsində şirkət milyonlarla qrivna məbləğində zərərə məruz qalır.
Qeyd edək ki, "Ukrpoçta" daha əvvəl yeni loqo və rəhbərliyə verilən mükafatlara böyük vəsait xərcləməsi ilə bağlı qalmaqalın mərkəzində olub. "RBC-Ukrayna"nın məlumatına görə, şirkət yaxın zamanda defolt riski ilə üzləşə bilər - son iki ildə onun kapitalı 13 dəfə azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31