Oskanyan: “Paşinyan Ermənistanın mövcudluğunu sual altına salıb” – ÖZƏL

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkədə yaydığı açıqlamada baş nazir Nikol Paşinyanı ölkəni mövcudluğunun sual altına düşdüyü vəziyyətə gətirməkdə ittiham edib.

Olaylar.az xəbər verir ki, Oskanyan Paşinyanın mətbuat konfransında səsləndirdiyi "dünyanın bir nömrəli supergücü Ermənistanın suveren və müstəqil dövlət kimi mövcud olacağını deyir" fikrinə münasibət bildirib. Sabiq nazir qeyd edib ki, belə bir təminat verilməyib və bu, Paşinyanın şəxsi yozumudur. Onun sözlərinə görə, bu bəyanat hakimiyyətin ölkəni acınacaqlı vəziyyətə saldığını göstərir.

Oskanyan vurğulayıb ki, Paşinyan faktiki olaraq Ermənistanın müstəqil dövlət kimi mövcudluğunun sual altına düşdüyünü dolayısı ilə etiraf edir. O əlavə edib ki, 30 illik müstəqillik dövründə, dondurulmuş münaqişə şəraitində belə, Ermənistanın müstəqilliyi heç vaxt müzakirə mövzusu olmayıb, yalnız Qarabağın statusu müzakirə edilirdi.

Sabiq diplomat həmçinin bildirib ki, Paşinyanın "sülh" siyasəti nəticəsində Sünikdə dəhlizin verilməsi qarşılığında Ermənistanın mövcudluq hüququnun gündəmə gəlməsi təhlükəli presedentdir. Onun sözlərinə görə, diplomatik və siyasi uğursuzluqlar artıq təəccüb doğurmur, lakin ölkədə real sülhün olmamasının açıq etirafı narahatlıq yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31