Tehranın "qırmızı xətti": İran raket proqramını müzakirə etməkdən imtina edir – ÖZƏL
14:11 Dünyaİranın Müdafiə Şurasının katibi Əli Şamxani ölkəsinin raket sistemlərinin toxunulmaz olduğunu və heç bir beynəlxalq danışıqlarda müzakirə predmeti olmayacağını bəyan edib.
Olaylar.az xəbər verir ki, "Al-Jazeera" telekanalına müsahibə verən Şamxani, raket proqramını Tehranın "qırmızı xətti" adlandırıb.
Fevralın 6-da Omanda ABŞ və İran arasında nüvə proqramına dair dolayı danışıqlar baş tutub. ABŞ Prezidenti Donald Tramp bu görüşləri müsbət qiymətləndirsə də, İranın XİN rəhbəri Abbas Əraqçi ölkəsinin uranın zənginləşdirilməsi hüququndan, hətta bu müharibəyə səbəb olsa belə, geri çəkilməyəcəyini vurğulayıb.
Prezident Məsud Pezeşkiyan tərəfindən Əli Şamxaninin Müdafiə Şurasının katibi təyin edilməsi danışıqların bərpası ərəfəsinə təsadüf edib. Sözügedən Şura ötən ilin iyununda İran və İsrail arasında yaşanan hərbi münaqişədən sonra milli təhlükəsizlik strukturunda edilən dəyişikliklər nəticəsində yaradılıb.
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə qeyd edib ki, Vaşinqton artıq Tehrana qarşı hərbi güc tətbiqi ssenarisindən imtina etmək məcburiyyətində qalıb.