Ermənistanda biometrik pasportlar 2026-cı ilin payızından tətbiq olunacaq – ÖZƏL

Ermənistanda biometrik pasportlar və yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2026-cı ilin payızından başlanılacaq.

Olaylar.az xəbər verir ki, bu barədə fevralın 13-də keçirilən mətbuat konfransında Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan məlumat verib. Nazir bildirib ki, müəyyən edilmiş vaxt qrafikinə əməl olunması üçün bütün praktiki addımlar atılıb. Hazırda sənədlərin dizaynı üzərində iş aparılır və yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Bundan sonra istehsal mərhələsi başlayacaq.

Nazirin sözlərinə görə, köhnə nümunəli pasportlar etibarlılıq müddəti bitənədək qüvvədə qalacaq. Bununla yanaşı, vətəndaşlar istədikləri halda mövcud pasportun müddəti başa çatmamış da biometrik pasport almaq üçün müraciət edə biləcəklər.

Növbələrin tənzimlənməsi üçün onlayn rezervasiya sistemləri tətbiq ediləcək. Vətəndaşlar məlumatlarını əvvəlcədən elektron formada təqdim edəcək, ofisə gəldikdə isə proseduru bir neçə dəqiqə ərzində tamamlayacaqlar. Bu məqsədlə yeni tip xidmət ofislərinin prototipi hazırlanır.

Yeni sənədlərin qiyməti hələ tam müəyyənləşdirilməyib. Nazir qeyd edib ki, standart pasportlarla müqayisədə tariflər dəyişəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31