Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın son aylarda yaratdığı musiqi qrupu və keçirdiyi "diskoteka gecəsi" ölkə mediasında geniş müzakirə mövzusuna çevrilib.

Olaylar.az xəbər verir ki, söhbət hakim "Vətəndaş Müqaviləsi" Partiyasının təşkil etdiyi və baş nazirin özünün də səhnəyə çıxdığı tədbirdən gedir.

İrəvanda fəaliyyət göstərən "Joxovurd" qəzeti yazır ki, 30 yanvar tarixində "Palladium Hall" restoranında keçirilən tədbirdə "Varçabənd"in çıxışı partiya büdcəsinə kifayət qədər baha başa gəlib. Məlumata görə, tədbirə ümumilikdə 8,5 milyon dram (təxminən 22,3 min dollar) xərclənib.

Hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin sədr müavini Vaahn Aleksanyan nəşrə açıqlamasında xərclərin bölgüsünü də açıqlayıb. Onun sözlərinə görə, 2,5 milyon dram zalın icarəsinə, 4,9 milyon dram brendinq, dizayn və müxtəlif atributların hazırlanmasına, 1,1 milyon dram isə aranjiman, musiqiçilərə və DJ-ə ödənişlərə sərf olunub.
Bununla belə, qəzet hesab edir ki, real xərclər daha yüksək ola bilərdi. Belə ki, "Palladium Hall"un 500 nəfərlik tədbir üçün bir nəfərə görə orta qiyməti 27 min dram göstərilir. Bu hesabla təkcə zalın xidmət haqqı 13,5 milyon drama (təxminən 34 min dollar) çata bilərdi. Nəşr ehtimal edir ki, məkan hakim partiyaya ciddi güzəştlər edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə ay əvvəl zərb alətlərində ifa etməyi öyrəndiyini və öz musiqi qrupunu yaratdığını açıqlamışdı. "Varçabənd" adlanan qrupun adı erməni dilində "baş nazir" sözünün ilk iki hecası ilə "bənd" sözünün birləşməsindən formalaşıb.

Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, zərb alətlərində ifa etməyi onlayn platforma vasitəsilə öyrənib və bu təlim üçün cəmi 250 dollar ödəyib.
Baş nazirin musiqi fəaliyyəti və bunun partiya büdcəsi hesabına maliyyələşdirilməsi isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Müxalifət və bəzi media qurumları ölkədə sosial-iqtisadi problemlərin dərinləşdiyi bir dövrdə belə xərclərin məqsədəuyğunluğunu sual altına alır.

Whatsapp

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31