Ukrayna sülh üçün Donetskdən imtinanı referendumla rəsmiləşdirə bilər – ÖZƏL

Ukrayna müharibəni başa çatdırmaq üçün Rusiyanın tələblərindən ən ağırına - Donetsk vilayətindəki ərazilərdən imtinaya - razılaşa bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə The Atlantic nəşri Prezident Volodimir Zelenskinin iki müşavirinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, kompromisə legitimlik qazandırmaq üçün Kiyevdə yaz aylarında referendum keçirilməsi variantı nəzərdən keçirilir. Referendumun prezident seçkiləri ilə eyni vaxtda təşkili mümkündür. Səsvermədə vətəndaşlara ərazi güzəştlərini ehtiva edən sülh planına "lehinə" və ya "əleyhinə" mövqe bildirmək təklif oluna bilər.

Nəşrin yazdığına görə, Prezident Ofisinin rəhbəri Kirill Budanov Donbasdan mümkün qoşun çıxarılmasının hüquqi və praktiki aspektləri ilə bağlı məsləhətləşmələr aparır. Məqsəd tərk ediləcək ərazilərə Rusiya qoşunlarının daxil olmamasını təmin etmək və cəmiyyəti mümkün razılaşmaya inandırmaqdır.

Zelenski nəşrə müsahibəsində bildirib ki, referendum yalnız "yaxşı razılaşma" olduğu halda mümkündür. Onun sözlərinə görə, əsas şərt ABŞ və Avropadan təhlükəsizlik zəmanətlərinin alınmasıdır. Əks halda, hər hansı atəşkəs Ukrayna cəmiyyətində mənasız görünə bilər və Rusiyaya yenidən hücuma hazırlaşmaq imkanı verə bilər.

Son olaraq, Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqları ərazi məsələsində irəliləyişlə nəticələnməyib. Moskva hələlik Ukrayna ərazisində Avropa qüvvələrinin yerləşdirilməsinə açıq razılıq nümayiş etdirmir.

Nəşr qeyd edir ki, ABŞ-də seçki kampaniyasının yaxınlaşması fonunda Vaşinqtonun diqqəti daxili siyasətə yönəlir. Xüsusilə Donald Trump danışıqları siyasi baxımdan riskli hesab edərsə, prosesdən geri çəkilə və məsuliyyəti tərəflərin üzərinə ata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31