“Netanyahu Trampı İran təhlükəsinə inandırmaq istəyir” – ÖZƏL

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla gözlənilən görüşündə kəşfiyyat məlumatlarına əsaslanaraq İranın təkcə yəhudi dövləti üçün deyil, bütövlükdə Yaxın Şərq və hətta Avropa üçün ciddi təhlükə yaratdığına şəxsən onu inandırmaq niyyətindədir. 

Olaylar.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən Al-Monitor portalı məlumat yayıb.

"Prezidentin bütün bunları birbaşa, ilk mənbədən eşitməsi vacibdir", - deyə İsrail baş nazirinin müşavirlərindən biri bildirib.

Mənbənin sözlərinə görə, Netanyahu Vaşinqtonla Tehran arasında aparılan danışıqların gündəliyinə İranın ballistik raket proqramının, eləcə də Yaxın Şərqin ayrı-ayrı ölkələrində fəaliyyət göstərən proiran qüvvələrin məsələsinin daxil edilməsinə nail olmağa çalışır. "Netanyahu prezidentə [ABŞ] hər şeyi izah edəcək ki, İranla ballistik raketlər məsələsi həll olunmadan heç bir razılaşmanın mümkün olmadığını anlasın", - deyə portalın mənbəyi qeyd edib.

Al-Monitor yazır ki, İsrail rəsmiləri eyni zamanda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ağ Evdə qərarların qəbuluna artan təsirindən narahatdırlar. Onların fikrincə, Vitkoff İrana zərbə endirilməsinin tərəfdarlarını Trampdan uzaqlaşdırır.

İsrail hökumətində Donald Trampın növbəti addımları ilə bağlı aydın mövqe formalaşmayıb. Siyasi dairələrin bir hissəsi Vaşinqtonun Tehranla danışıqları İran rəhbərliyinin arxayınlığını azaltmaq üçün bərpa etdiyini düşünür, digərləri isə Trampın həqiqətən kompromislərə hazır olduğunu hesab edir. "O, danışıqların yaxın günlərdə bərpa olunacağını və İranla razılaşma əldə olunacağına nikbin baxdığını deyir ki, bu da bizi ciddi narahat edir. Digər tərəfdən isə İran ətrafında ABŞ-nin hərbi mövcudluğu artırılır", - deyə mənbə vurğulayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Netanyahu son anda İsrail Hərbi Hava Qüvvələrinin hava əməliyyatları idarəsinin rəhbəri Omer Tişleri nümayəndə heyətindən çıxarıb. Bu addım İsrailin müharibəni qızışdırmaqda ittiham olunması üçün əlavə əsasların yaranmaması məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31