Eçmiədzinə qarşı iddialar geri qaytarıldı: Kilsədə daxili "müharibə" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın məhkəmə portallarının yaydığı məlumata görə, keçmiş keşişlər Stepan Asatryan və Aramais Taxmazyanın Ana Taxt-ı Müqəddəs Eçmiədzinə (Erməni Apostol Kilsəsi) qarşı qaldırdıqları iddialar məhkəmə tərəfindən geri qaytarılıb. Hakimlər Sima Abovyan və Pargev Melkonyan qərarda sənədlərdəki nöqsanları əsas gətiriblər. İddiaçılara bu çatışmazlıqları aradan qaldırmaq üçün üç gün vaxt verilib.

Xəbərdə qeyd olunur ki, Ovanavank monastırının keçmiş rahibi Stepan Asatryan ötən ilin oktyabrında intizam komissiyasının qərarı ilə rütbəsindən məhrum edilib. Buna səbəb onun Kilsəni nüfuzdan salan açıqlamaları və Ermənistan hökumətinin dini qurumları tənqid edən siyasətini açıq şəkildə dəstəkləməsi olub.

Erməni Apostol Kilsəsi özü də Asatryana qarşı iddia qaldırıb. Kilsə keşişdən İrəvandakı xidməti mənzilin və Ovanavank monastırının açarlarını geri təhvil verməyi tələb edir.
Digər iddiaçı Aramais Taxmazyan da oxşar ittihamlarla - Kilsənin nüfuzuna xələl gətirməkdə günahlandırılaraq dekabrda rütbəsindən məhrum edilib. 

Hadisələrin ən gərgin nöqtəsi isə Katolikos II Qareginin əmrinə tabe olmayan yepiskop Saroyanla bağlıdır: Hakimiyyətə yaxınlığı ilə bilinən Saroyan Katolikosun istefasını tələb etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb. Saroyan məhkəməyə müraciət edərək vəzifəsinə bərpa olunmasını tələb edib. Məhkəmə icraçıları kilsəyə onun fəaliyyətinə mane olmamaq barədə qərar versə də, Kilsə buna əməl etməyib. Hazırda Ermənistan İstintaq Komitəsi məhkəmə qərarını icra etmədiyi üçün Kilsəyə qarşı cinayət işi başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31