Gürcüstanda müxalifət liderlərinə qarşı “sabotaj işi”: Ciddi ittihamlar gündəmdə – ÖZƏL
17:22 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Badri Caparidze Gürcüstanda qaldırılmış sözdə "sabotaj işi" ilə bağlı keçirilən ilkin məhkəmə iclası zamanı açıqlama verib. Onun sözlərinə görə, dövlətçiliyi zəiflədən, ölkəyə zərər vuran bu cür proseslər Gürcüstanın milli maraqlarına ciddi ziyan vurur.
Caparidze bildirib ki, siyasi fiqurların qrup şəklində birləşdirilərək məhkəməyə cəlb edilməsi yeni və təhlükəli presedentdir:
"Əgər hansısa proses ölkəmizi, onun dövlətçiliyini sarsıdır və dövlətə zərər vurursa, bu cür addımlar ölkənin maraqlarına böyük zərbədir. Siyasətçilərin qruplaşdırılaraq birgə mühakimə olunması ciddi problemdir", - deyə o vurğulayıb.
Məlumat üçün bildirək ki, Gürcüstanın Baş Prokurorluğu Mixail Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı yeni cinayət təqibinə başlayıb. Prokurorluğun açıqlamasına əsasən, iş dövlətə qarşı cinayətləri - sabotaj, xarici dövlətin düşmən fəaliyyətinə yardım, konstitusiya quruluşu və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi, eləcə də dövlət hakimiyyətinin zorla dəyişdirilməsinə çağırışları əhatə edir.