Ermənistan gömrüyündə “Trump yolu” və süni intellekt dövrü – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan fevralın 10-da keçirdiyi mətbuat konfransında "Trump yolu" layihəsi çərçivəsində tətbiq olunacaq yeniliklərdən danışıb. Komitə sədri bildirib ki, layihə çərçivəsində gömrük xidməti fəaliyyət göstərəcək və Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu üçün qurumun bütün hüquqi sistemi bu prosesdə tətbiq ediləcək.

Akopyan son günlər müzakirə mövzusu olan terminlərə də aydınlıq gətirib: "Burada yeganə fərqlilik hazırda istifadə edilən "front-ofis" və "bek-ofis" ifadələridir. Bu sözlər çoxlarında sual doğursa da, əslində bu bir xüsusiyyət deyil, gömrük xidmətinin gələcəyidir."

Qeyd olunub ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində bütün quru keçid məntəqələrində rentgen aparatlarının intellektual monitorinqini həyata keçirəcək xüsusi mərkəz yaradılacaq.
Yeni sistemin iş mexanizminə əsasən, yük rentgen aparatından keçərkən sistem həm analitiklər, həm də süni intellekt vasitəsilə təhlil aparacaq. Riskli hesab edilən yüklər yoxlama üçün avtomatik seçiləcək. "Bek-ofis" sistemi risklərin idarə olunmasını təmin edəcək ki, bu da gömrük proseslərində insan amilini və birbaşa təması minimuma endirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31