Ermənistanda "siyasi məhbus" gərginliyi: Müxalifətin layihəsi rədd edildi – ÖZƏL
10 Fevral 11:34 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin fevralın 10-da keçirilən növbəti iclasında hakim "Mülki Müqavilə" partiyasının deputatları müxalifətdəki "Ermənistan" blokunun hazırladığı siyasi məhbuslarla bağlı bəyanat layihəsinin gündəliyə salınmasının əleyhinə səs veriblər.
Müxalifətçi deputat Elinar Vardanyan layihəni təqdim edərkən ölkədə siyasi təzyiqlərin artdığını və siyasi məhbusların mövcudluğunun bir fakt olduğunu bildirib. O, hakimiyyətin həbslərdən rəqiblərinə qarşı cəza və qisas aləti kimi istifadə etdiyini vurğulayıb. Vardanyan qeyd edib ki, dövlət maraqlarını qoruduqları üçün həbs edilən din xadimləri, media mənsubları və deputatlar AŞPA meyarlarına görə siyasi məhbus hesab olunurlar.
Buna cavab olaraq, Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının sədri, hakim partiyanın deputatı Vladimir Vardanyan ittihamları əsassız adlandırıb. O, müxalifəti süni gündəm yaratmaqda ittiham edərək bildirib: "Siz həqiqətənmi belə bir bəyanatın qəbul edilə biləcəyini düşünürsünüz? Belə bir sənəd qəbul olunarsa, baş prokuror və hakimlər vəzifədən kənarlaşdırılmalı, bütün hüquq sistemində yeni proseslər başlamalıdır".
Deputat, həmçinin Ermənistanı minlərlə siyasi məhbusu olan avtoritar ölkələrlə müqayisə etməməyə çağırıb.