Vensin regiona səfəri onu göstərir ki, ABŞ Cənubi Qafqaza ciddi önəm verir- ÖZƏL

"Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İrəvandan sonra Azərbaycana səfərə gəlir. Şübhəsiz ki, bu səfər Azərbaycanla ABŞ arasında münasibətlərinin strateji xarakter almasına ciddi töhfə verəcək, iki ölkə arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Xartiyasının bütün detalları razılaşdırılacaq, müdafiə və təhlükəsizlik, süni intellekt, regional bağlantılar və iqtisadi sahələr üzrə əməkdaşlıqda yeni mərhələyə start veriləcək, ABŞ sərmayələrinin Azərbaycana yatırılmasına münbit şərait yaradacaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib: "Vensin regiona səfəri və müzakirə olunanan məsələlərin geniş spektri onu göstərir ki, ABŞ Cənubi Qafqaza ciddi önəm verir və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətləri, o cümlədən sülh gündəliyini və TRİPP-lə bağlı razılaşmaları daha da möhkəmləndirmək və təminat altına almaq niyyətindədir.
Lakin bu günlərdə Ermənistan məhkəməsinin Samvel Şahramanyan adlı separatçının Qarabağda yaradılan qondarma qurumun "özünü buraxması barədə qərarı"nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə verdiyi təxribatçı qərarı, eyni zamanda, erməni konkisürənlərin beynəlxalq yarışmada "artsax" kompozisiyası adı altında çıxış etmək cəhdi bir daha onu göstərir ki, İrəvana heç vaxt güvənmək olmaz.
Ermənistanın rəsmi institutlarının bu addımları təkcə Azərbaycanın ərazi bütövlüyünə, regiondakı sülhə və təhlükəsiziliyə qarşı deyil deyil, həm də şəxsən ABŞ-ın  prezidenti Donald Trampa, onun iştirakı ilə avqustun 8-də Vaşınqtonda  əldə olunan razılığa və paraflanan sülh sazişinə qarşıdır.
Ermənistanın bu təxribatçı addımları bir daha sübut etdi ki, bu ölkənin konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin imzalanmayacağı ilə bağlı rəsmi Bakının mövqeyi nə qədər haqlı və doğrudur.
Düşünürəm ki, ABŞ bu reallığı nəzərə almalı və Ermənistana konstitusiya dəyişikliyini sürətləndirmək üçün mövcud təsir imkanlarından istifadə etməlidir. Əks təqdirdə, Cənubi Qafqazla bağlı bütün layihələr, o cümlədən Prezident Trampın xüsusi əhəmiyyət verdiyi sülh sazişinin imzalanması və TRIPP layihəsinin uğurla həyata keçirilməsi ciddi risk altına düşə bilər. Çünki Ermənistan konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalanarsa, gələcəkdə Şahramanyan məsələsində olduğu kimi, Ermənistan məhkəmələrinin Paşinyanın sülh sazişini guya təzyiq altında imzaladığı iddiası ilə həmin sazişin etibarsız sayılması barədə eyni qərarı verməyəcəyinə heç kim zəmanət verə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31