Ermənistan-Azərbaycan dəmir yolu TRIPP layihəsi ilə bərpa oluna bilər – ÖZƏL

Ermənistanda yaxın bir neçə il ərzində Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin bərpa olunacağına inanılır. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan "Marşrut Tramp" (TRIPP) layihəsinin işə salınmasını şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, hazırda iki ölkə arasında aktiv ticarət mövcud deyil və bunun obyektiv səbəbləri var: bazarlar bir-birini hələ kifayət qədər tanımır, ticarət əlaqələrinin qurulması isə vaxt tələb edir və əsasən biznes mühitinin öhdəliyinə daxildir. Dövlət isə siyasi razılaşmalar, yolların açılması və dəmir yolu xətlərinin işə salınması ilə zəruri şəraiti yaradır.

"Bu şərtlərin əhəmiyyətli hissəsi artıq formalaşıb. Hələlik birbaşa dəmir yolu yoxdur, lakin bu istiqamətdə işlər aparılır və bizim qiymətləndirməmizə görə, bir neçə il ərzində TRIPP çərçivəsində bu əlaqə təmin olunacaq", - deyə Papoyan qeyd edib.

Nazir əlavə edib ki, bu vaxta qədər alternativ kommunikasiya variantlarından istifadə mümkündür. Onun sözlərinə görə, avtomobil yolu faktiki olaraq mövcuddur, lakin tərəfdaşlar hələlik Ermənistan ərazisindən tranzit məqsədilə, o cümlədən Türkiyə istiqamətində istifadə etmirlər.

Papoyan vurğulayıb ki, müzakirələrin gündəliyi müsbət istiqamətdə dəyişib: iki il əvvəl müharibə riski müzakirə olunurdusa, bu gün konkret məhsulların niyə satılmadığı və bazara çıxarılmadığı müzakirə edilir. Nazir xatırladıb ki, ilkin ticarət təmasları çərçivəsində Ermənistana Azərbaycan istehsalı olan benzin və dizel yanacağı gətirilib.

Qeyd edək ki, "Beynəlxalq sülh və rifah naminə Tramp Yolu" (TRIPP) layihəsi 43 kilometrlik dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Layihənin ilk mərhələdə Azərbaycanla Naxçıvanı birləşdirməsi, gələcəkdə isə "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinə inteqrasiya olunması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31