Estoniyalı deputat: Prezidentin Rusiya ilə dialoq çağırışı hökumətin uğursuzluğunu göstərir- ÖZƏL
6 Fevral 10:23 DünyaEstoniya parlamentinin üzvü, Xarici əlaqələr üzrə komissiyanın üzvü Raymond Kalyulayd prezident Alar Karisin Rusiya ilə Avropanın əlaqələri bərpa etməsi ilə bağlı səsləndirdiyi fikirləri ölkə hökumətinin fəaliyyətində ciddi uğursuzluq kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, prezident administrasiyası ilə icraedici hakimiyyət arasında mövcud olan fikir ayrılıqlarının artıq açıq şəkildə mediada müzakirə olunması koordinasiyanın işləmədiyini göstərir. Kalyulayd bildirib ki, bu vəziyyət haqlı suallar yaradır: "Niyə xarici işlər naziri və baş nazir Estoniyanın təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyan məsələlərdə bütün əsas fiqurların eyni mövqedən çıxış etməsini təmin edə bilmirlər? Bu, istənilən halda icraedici hakimiyyət üçün çox ciddi uğursuzluqdur".
Deputat vurğulayıb ki, məsələ prezidentin qeyri-səmimi və ya yanlış addımlar atmasında deyil, daha çox ölkədə "idarəetmə xaosu və ya sistemsizliyin" mövcud olmasındadır.
Qeyd edək ki, daha əvvəl Estoniya prezidenti Alar Karis və Latviyanın baş naziri Evika Silinya Euronews telekanalına verdikləri ayrı-ayrı müsahibələrdə Avropanın Rusiya ilə əlaqələrinin bərpası üçün xüsusi Avropa nümayəndəsinin təyin olunmasını təklif ediblər.