Epşteyn işində açıqlandı, Trampın da adı keçir – Azərbaycanla bağlı nə yazılıb?
15:10 DünyaABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Cefri Epşteynin işi üzrə 30 min sənəddən ibarət yeni məxfi arxivi açıqlayıb.
Məlumata görə, sənədlərin bir qismində ABŞ Prezidenti Donald Tramp haqqında 2020-ci il prezident seçkiləri ərəfəsində ortaya atılan iddiaların əsassız olduğunu göstərən sübutlar yer alır.
Nazirlik bundan əvvəl 19 dekabrda "Epşteyn işi" ilə bağlı təxminən 4 min sənəd və fotoşəkil yayımlamışdı. Ekspertlər isə bu işi "WikiLeaks" sənədlərinin sızdırılması ilə müqayisə edirlər.
Bəs Epşteyn faylları niyə məhz indi yayımlanmağa başlayıb? Bu məlumatların ictimailəşdirilməsi dünyaya nə vəd edir? Azərbaycanla bağlı bu sənədlərdə nələr ola bilər?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Epşteyn qalmaqalı artıq bir müddətdir ABŞ sərhədlərini aşaraq qlobal miqyasda yayılan hadisəyə çevrilib:
"Görünən odur ki, bu məlumatların yayılması dünyada bir çox tanınmış şəxsin, siyasətçinin və dövlət xadiminin adının bu və ya digər formada məsələdə hallanmasına xidmət edir və müəyyən məqsəd daşıyır. Bu sənədlərin ictimailəşdirilməsi ilə dünya siyasi nizamının yenidən dizayn edilməsi istənilir.
Son dövrlərdə Slovakiyadan olan siyasətçilərin, eləcə də Böyük Britaniya kral ailəsinin adının hallanması məsələnin qlobal xarakter aldığını göstərir. Bir daha qeyd etmək istərdim ki, bu kimi məlumatların açıqlanması böyük mənada qlobal siyasətin yenidən formalaşdırılması anlamına gəlir.
Ümumiyyətlə, Epşteyn işində adı açıqlanan şəxslərlə yanaşı, hələ açıqlanmayan şəxslər də var ki, bu da əslində onlara verilən mesajdır. Bu hadisə "WikiLeaks" sənədləri ilə müqayisə oluna bilər, baxmayaraq ki, "WikiLeaks" daha genişmiqyaslı məlumatları əhatə edirdi".
Politoloq bildirib ki, müəyyən zaman kəsiyində bu cür məlumatlar hələ də paylaşılacaq:
"Qlobal siyasət dəyişir və bu dizayn prosesi məhz belə hadisələrlə müşayiət olunur. Necə ki, koronavirus pandemiyası qlobal siyasətin yenidən qurulması üçün istifadə olundu, indi də Epşteyn işi ilə bağlı proseslər oxşar xarakter daşıyır.
Azərbaycanla bağlı məsələyə gəldikdə isə, bu istiqamətdə hər hansı məlumat yoxdur. Ona görə də konkret fikir söyləmək mümkün deyil"