Orbanın müşaviri: Aİ-nin Ukrayna siyasəti nə sülhə xidmət edir, nə də Avropanın maraqlarına- ÖZƏL
14:20 DünyaAvropa İttifaqının Ukrayna ilə bağlı hazırkı siyasəti sülhün əldə olunmasına töhfə vermir və Avropanın maraqlarına cavab vermir. Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orbanın siyasi müşaviri Balaş Orban bildirib. O, "X" sosial şəbəkəsində bu fikirləri Zakarpatiyadan olan daha bir etnik macar vətəndaşın Ukraynada yerli hakimiyyət orqanlarının zorakı hərəkətləri nəticəsində həyatını itirməsi ilə bağlı xəbəri şərh edərkən səsləndirib. Məlumata görə, həmin şəxs məcburi şəkildə cəbhəyə göndərilib.
Balaş Orban qeyd edib ki, Brüsseldəki siyasi elita bu kimi hallara göz yumur. "Aİ heç bir rasional əsas olmadan Ukraynaya maliyyə vəsaiti axıtmaqda davam edir. Bu zaman ciddi insan hüquqları pozuntuları diqqətdən kənarda qalır və bunun bədəlini Avropa vətəndaşları ödəyir. Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir. Brüsseldən qaynaqlanan müharibəpərəst siyasətə son qoymağın vaxtıdır", - deyə o yazıb.
Macarıstan baş nazirinin müşaviri vurğulayıb ki, Ukrayna hətta orta müddətli perspektivdə belə Aİ-yə üzvlüyə hazır deyil. "Avropaya eskalasiya yox, məsuliyyət lazımdır. Məhz buna görə sülh vacibdir, müharibə dayandırılmalıdır və məhz buna görə vətənpərvər Macarıstan hökuməti sülh təşəbbüslərini dəstəkləyir", - deyə Balaş Orban fikrini yekunlaşdırıb.