Moskva İrəvana xəbərdarlıq etdi: Aİ və Aİİ üzvlüyü bir arada mümkün deyil – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa İttifaqına (Aİ) sürətli yaxınlaşma cəhdlərinin həm ikitərəfli müttəfiqlik münasibətlərinə, həm də postsovet məkanındakı inteqrasiya proseslərinə mənfi təsir göstərəcəyini bəyan edib.

Olaylar.az xəbər verir ki, Rusiya XİN-in Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov TASS-a verdiyi müsahibədə rəsmi İrəvanın bu addımlarından narahatlıq ifadə edərək aşağıdakı əsas məqamları vurğulayıb: Aİ-nin "təcavüzkar hərbi-siyasi bloka" çevrildiyini qeyd edən diplomat, Ermənistanın bu quruma marağının Rusiya ilə konfrontasiya kursu fonunda narahatlıq doğurduğunu bildirib.

Maslennikov vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü olduğunu unutmamaq lazımdır. Brüsselin tətbiq etdiyi standartlar İrəvanın Aİİ qarşısındakı öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Rusiyalı rəsmi xatırladıb ki, Ermənistan prezidenti artıq Aİ-yə üzvlüklə bağlı qanunu imzalayıb. Lakin diplomatik dildə qəti mesaj verilib: "Aİİ və Aİ-də eyni vaxtda üzvlük tərif etibarilə qeyri-mümkündür."

Moskva ümid edir ki, İrəvan Brüssellə "forsaj" rejimində yaxınlaşmanın gətirəcəyi potensial mənfi nəticələri düzgün qiymətləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31