Bu gün Avropanın İrana qarşı sanksiyalarını razılaşdıracağıq - Fransa XİN

Fransa İranda hökumət əleyhinə etirazlarının yatırılmasına görə Avropa İttifaqının bir sıra iranlı məmurlar və güc strukturlarının nümayəndələri barəsində sanksiyaların tətbiqi, həmçinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən bildirib.

"Bu gün biz (İranda) hökümət əleyhinə nümayişlərinin yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı Avropa sanksiyalarını razılaşdıracağıq", - deyə o vurğulayıb.

Barro bildirib ki, söhbət 20-dən çox fiziki və hüquqi şəxsdən gedir. Onlara qarşı Avropa İttifaqı ərazisinə giriş qadağası tətbiq ediləcək, maliyyə aktivləri isə dondurulacaq.

Siyahıya SEPAH üzvləri ilə yanaşı, İran hökumətinin nümayəndələri, prokurorlar və polis rəhbərləri də daxildir.

"Yəqin ki, biz daha da irəli getməliyik. Məhz buna görə Fransa SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına salınmasını dəstəkləyəcəyini bəyan edib", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31