Ekspert Ravandi-Fədai: İsrail ABŞ-ın köməyi ilə İranı "vulkanlaşdırmaq" istəyir- ÖZƏL 

İsrail ABŞ-ın köməyi ilə İranı zəiflətmək və ölkədə siyasi sistemi sarsıtmaq niyyətindən əl çəkməyəcək. Lakin ABŞ prezidenti Donald Trampın hazırkı mərhələdə eskalasiyanı dərinləşdirməyə və müharibə yolunu seçməyə meyilli olmadığı bildirilir. Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq Mədəniyyəti Mərkəzinin rəhbəri Lana Ravandi-Fədai "Valday" beynəlxalq diskussiya klubunda çıxışı zamanı səsləndirib. Ekspertin sözlərinə görə, İran güclü və dayanıqlı dövlətdir, lakin buna baxmayaraq, İsrail İrana qarşı təzyiq siyasətini davam etdirəcək:
"İran güclü ölkədir, möhkəm dövlətdir. Amma mənə elə gəlir ki, İsrail İrandan əl çəkməyəcək və onun hökumətini devirmək üçün müxtəlif 'çirkli oyunlar' uydurmağa davam edəcək".
Ravandi-Fədai hesab edir ki, İsrail əsas məqsəd olaraq İranda ABŞ və İsrail maraqlarına xidmət edəcək bir marionet hökumət qurmaqdan çox, ölkəni daxildən parçalamağa çalışır:
"Onlar ABŞ-ın əli ilə İranı "vulkanlaşdırmağa", yəni daxildən dağıtmağa cəhd edəcəklər. Hətta bəlkə də əsas məqsəd marionet hakimiyyət yaratmaq yox, İranı bölməkdir. Bunun üçün əllərindən gələni edəcəklər".
Bununla belə, ekspert regionda hərbi aktivliyin artmasının Trampın dərhal müharibəyə başlamağa hazır olduğu anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidentinin ritorikası son günlərdə dəyişib və daha çox danışıqlara meyl hiss olunur.
"Tramp getdikcə daha çox İranın danışıqlara hazır olduğunu deyir və ABŞ-ın artıq qalib gəldiyini bildirir. Bu isə gərginliyin azaldılmasına yönəlmiş mesaj kimi qiymətləndirilə bilər", - deyə Ravandi-Fədai qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31