Fiko Trampın səhhəti ilə bağlı iddiaları təkzib etdi- ÖZƏL
14:05 DünyaSlovakiyanın Baş naziri Robert Fiko Avropanın Politico nəşrində yayılan, ABŞ Prezidenti Donald Trampın "psixoloji vəziyyəti" ilə bağlı narahatlıq ifadə etməsi barədə məlumatı təkzib edib.
Fiko bildirib ki, ABŞ-ın Florida ştatında, Mar-a-Laqo iqamətgahında Donald Trampla keçirilən görüş zamanı onun səhhəti ilə bağlı heç bir narahatlıq dilə gətirilməyib. Baş nazir bu iddiaları tamamilə əsassız adlandırıb.
"Amerika Prezidenti Donald Trampla görüşü necə dəyərləndirdiyimlə bağlı Politico-nun yaydığı yalanı qəti şəkildə təkzib edirəm. Heç kim heç nə eşitməyib, heç nə görməyib, heç bir şahid yoxdur. Amma bu, Politico-ya yalan uydurmağa mane olmayıb", - deyə Robert Fiko Facebook hesabında yazıb.
Olaylar.az xəbər verir ki, o əlavə edib ki, sözügedən nəşr onu daim hədəfə alır və bu mediada suverenlik, milli maraqlar uğrunda mübarizə və müstəqil mövqe "cinayət" kimi təqdim olunur.
Qeyd edək ki, Politico Robert Fikonun ABŞ-a səfəri zamanı Donald Trampın psixoloji vəziyyəti ilə bağlı narahatlıq ifadə etdiyini iddia etmişdi.