Əl-Maliki baş nazir olsa... - Tramp XƏBƏRDARLIQ ETDİ

Şiə siyasətçi Nuri əl-Maliki İraqın baş naziri təyin olunsa, ABŞ bu ölkəyə dəstəyini dayandıracaq.Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp "Truth Social"da yazıb:"Eşitmişəm ki, böyük İraq ölkəsi çox pis seçim edə və Nuri əl-Malikini yenidən baş nazir təyin edə bilər".

Tramp hesab edir ki, əvvəllər İraqın baş naziri vəzifəsində çalışmış əl-Maliki ölkəsini "yoxsulluğa və xaosa" aparıb: "Əgər o, təyin olunarsa, ABŞ artıq İraqa kömək etməyəcək. Bizim köməyimiz olmadan İraqın uğur, rifah və azadlıq üçün heç bir şansı olmayacaq".

Qeyd edək ki, İraq parlamentində çoxluğa sahib olan şiə tərəfdarı hərəkatlar alyansı əl-Malikini baş nazir vəzifəsinə namizəd göstərib.

Əl-Maliki 2006-cı ildən İraq hökumətinə rəhbərlik edib, 2014-cü ildə İraqda İŞİD terror qruplaşmasının irəliləməsi fonunda istefa verib. Lakin sonrakı illərdə o, İraq siyasətində təsirini qoruyub saxlayıb.ABŞ Əl-Malikini İranın təsirində olan şəxs hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31