İran-İsrail gərginliyi və Azərbaycanın balans siyasəti- ÖZƏL

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Ceyhun Bayramovla görüşdən sonra verdiyi açıqlamada İrana hücum ediləcəyi təqdirdə müharibənin sərhədləri aşacağını deməklə birmənalı qarşılanmayan mesaj verib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" İsrail və İran yenidən aktivləşib. Bu aktivliyin mərkəzində isə yenə ölkəmiz var. Maraqlıdır ki, öncə 23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdü.
Vahid Cəlalzadənin səfərinə baxdıqda fərqli detallar ortaya çıxır. Məsələn, o, Ceyhun Bayramovla görüş zamanı İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. Bu, mühüm detal idi. Çünki Tehran hər nə qədər məsələni daxili işi kimi təqdim etsə də, Bakının İrandakı soydaşların vəziyyətindən narahat olduğunu yaxşı bilir. Elə buna görə də mövcud durumla bağlı məlumat verməyə ehtiyac duyur. Ceyhun Bayramovun isə öz növbəsində İranda sabitliyin önəmli olduğunu vurğulaması Bakının proseslərə yanaşmasının aydın ifadəsidir. Bəli, Azərbaycan soydaşların vəziyyətindən narahatdır, lakin Tehranın daxili işlərinə qarışmır və İranda sabitliyin qorunmasında maraqlıdır.
Lakin Vahid Cəlalzadənin Bakıda, Azərbaycan xarici işlər naziri ilə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi "İrana hücum olarsa, müharibə sərhədləri aşacaq" mesajı yersiz idi. Xüsusilə bu mesajın Bakıda verilməsi Tehranın ənənəvi hədə-qorxu ritorikasının davamı kimi qiymətləndirilə bilər.
Hər iki səfəri və Bakının verdiyi mesajları təhlil etdikdə ortaya çıxan nəticə əslində aydındır. Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Bakı hər iki ssenarinin yaradacağı ortaq təhdidləri çox yaxşı anlayır. Şübhəsiz ki, ölkəmizi ən çox narahat edən məsələlərdən biri Güney azərbaycanlıların şimala mümkün axını və bunun yaradacağı iqtisadi və demoqrafik problemlərdir. Digər tərəfdən, Güney azərbaycanlıların İranda yaşaması Bakının əlində hər zaman pərdəarxası təzyiq elementi olaraq qalacaq.
Bu mənada nə İsrailin qapalı qapılar arxasında verdiyi ehtimal vədlər Bakını şirnikləndirir, nə də İranın hədə ritorikası qorxudur. Azərbaycan İsrail və İran arasında balansı qorumaqda qərarlıdır. Bu, həm ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31