“Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq” - Keçmiş səfir ermənilərlə bağlı həmin iddialardan DANIŞDI

Türkiyənin sosial media seqmentində və bəzi informasiya platformalarında prezident Rəcəb Tayyib Ərdoğanın guya müharibədə həlak olmuş Ermənistan hərbçilərinin ailələrinə və yardıma ehtiyacı olan təbəqələrə 10 milyon dollar məbləğində maliyyə yardımı göstərilməsi barədə qərar imzaladığına dair iddialar yayılıb.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İmza" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç bununla bağlı Musavat.com-a danışıb.

O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı möhkəm təməllər üzərində qurulub.

Hulusi Kılıçın sözlərinə görə, kənar təsirlərə baxmayaraq, heç kimin bu qardaşlıq münasibətinə zərər vermə gücü yoxdur:

"Bu yalan məlumatlar Azərbaycan-Türkiyə münasibətlərinə, yaxınlığına kölgə salmaq məqsədi daşıyır. Dünyanın heç bir ölkəsi Azərbaycan-Türkiyə kimi qardaşlıq münasibətini saxlamır. Bu dostluq, qardaşlıq bir nümunədir. Ona görə də bu, bəzi çevrələri narahat edir və ortaya belə yalan iddialar atılır. Birliyimizi qısqanırlar. Lakin bunu da bilsinlər ki, qısqanclıq xəstəlikdir.

Türkiyə-Azərbaycan bir-biri ilə kommunikasiyalı hərəkət edir. Türkiyə Azərbaycana xoş gəlməyən və istəmədiyi heç bir addımı atmayacaq. Azərbaycan da eyni şəkildə münasibət sərgiləyir. Belə xəbərləri oxuyanlara səslənirəm ki, rəsmi qaynaqlarda olan məlumatlara etibar etsinlər. Can Azərbaycan xalqı ilə bir millət, iki dövlətik. Lazım olduğunda bir millət, bir dövlət ola bilirik, bunu tarix göstərib".

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayaraq bildirib ki, iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən belə bir qərarın imzalanması, eləcə də Ermənistanla bağlı hər hansı maliyyə yardımının ayrılması barədə rəsmi sənəd və ya hüquqi akt mövcud deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31