ABŞ-da 5 300 Milli Qvardiya əsgəri səfərbər edildi- ÖZƏL
27 Yanvar 10:29 DünyaABŞ hakimiyyəti ölkənin böyük hissəsini əhatə edən güclü qış fırtınasının fəsadlarının aradan qaldırılması üçün 5 300-dən çox Milli Qvardiya hərbçisini səfərbər edib. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının rəsmi açıqlamasında bildirilib. Məlumata görə, 15 ştatdan olan Milli Qvardiya qüvvələri "Fern" adlı qış fırtınası ilə mübarizə çərçivəsində digər dövlət qurumlarına dəstək göstərir. Hərbçilər yolların qardan təmizlənməsi, yollarda qalan sürücülərin xilas edilməsi və ən çox zərər çəkən bölgələrə yardımın çatdırılması ilə məşğuldurlar.
Qeyd olunur ki, əlverişsiz hava şəraiti ilə əlaqədar ABŞ-ın 23 ştatında fövqəladə vəziyyət rejimi elan edilib. NBC News telekanalının məlumatına görə, hava ilə bağlı xəbərdarlıq ümumilikdə 185 milyon ABŞ sakinini əhatə edib. Şiddətli fırtına nəticəsində 1 milyondan çox istehlakçı elektrik enerjisiz qalıb. Bundan əlavə, bazar günü ölkə üzrə 10 mindən artıq aviareys ləğv edilib. ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamada fövqəladə xidmətlərin gözlənilən rekord səviyyəli soyuqlar və qar fırtınalarına hazırlaşdığını bildirmişdi.