Avropa hökumətləri gündəlik işlərdə süni intellektdən geniş istifadə edir- ÖZƏL 

Avropa ölkələrinin hakimiyyət orqanları gündəlik və rutin işlərin icrası üçün süni intellekt (Sİ) əsaslı sistemlərdən geniş şəkildə istifadə etməyə başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı məlumat yayıb.
Məlumata görə, dövlət qurumları dil modellərinə əsaslanan süni intellekt alətlərinin əsas istifadəçilərindən birinə çevrilib. Bu texnologiyalar vaxt aparan kağız üzərində işləri sürətləndirməyə imkan verir. Portal Fransanın silahlı qüvvələrini nümunə göstərir. Bildirilir ki, fransız hərbçilər sənədlərlə işləmək, mətnlərin tərcüməsi və audioyazıların mətn formatına köçürülməsi üçün Fransanın Mistral şirkətinin hazırladığı generativ süni intellektdən istifadə etməyi planlaşdırırlar. Eyni xidmət Avropa Parlamenti tərəfindən də arxivlərə çıxış üçün köməkçi vasitə kimi tətbiq olunur.
2025-ci ilin sonlarında Avropanın məlumatların qorunması üzrə tənzimləyici qurumu tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, Avropa ölkələrinin dövlət orqanları fəaliyyətlərində ümumilikdə 186 süni intellekt sistemindən istifadə edir. Portal qeyd edir ki, Mistral ilə yanaşı, Avropa hökumətləri ABŞ şirkətləri olan OpenAI və Anthropic tərəfindən hazırlanmış Sİ modellərindən də yararlanmaq niyyətindədir. Estoniya və Belçikada isə hakimiyyət orqanları artıq Microsoft şirkətinin Sİ əsaslı Copilot alətindən istifadə edirlər.
Niderlandın Utrext Universitetindən olan ekspert Euractivə açıqlamasında bildirib ki, dövlət qurumlarında istifadə edilən bir çox süni intellekt sistemi əslində adi və pulsuz çat-botlardan ibarətdir. Onun fikrincə, bu vəziyyət "kölgəvi" süni intellekt istifadəsinə yol açır, yəni dövlət qurumlarının əməkdaşları neyroşəbəkələrdən rəsmi icazə olmadan da yararlanırlar. Ekspert əlavə edib ki, bu cür çat-botların təqdim etdiyi məlumatların keyfiyyəti tez-tez sual doğurur, çünki süni intellekt sistemləri bəzən köhnəlmiş məlumatlar əsasında öyrədilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31