Çin 2026-cı ildə ABŞ ilə ticarət mübahisələrini danışıqlar yolu ilə həll etməyə davam edəcək- ÖZƏL
12:23 DünyaÇin hakimiyyəti 2026-cı ildə ABŞ ilə ikitərəfli ticarət dövriyyəsi və iqtisadi əməkdaşlıqla bağlı fikir ayrılıqlarını danışıqlar yolu ilə aradan qaldırmaq niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin Xarici Ticarət Departamentinin direktoru Van Çjihua mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qarşıdakı mərhələdə Çin və ABŞ qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında iki ölkə liderləri arasında əldə olunmuş mühüm konsensusun qorunub saxlanılması və icrası istiqamətində birgə çalışmağa hazırdır. Van Çjihua 2026-cı ildə Çin-ABŞ ticarət-iqtisadi danışıqlarının perspektivlərini şərh edərkən bu mövqeni vurğulayıb.
Departament rəhbəri qeyd edib ki, Pekin ikitərəfli məsləhətləşmələr mexanizmindən səmərəli istifadə edərək fikir ayrılıqlarının tənzimlənməsini, əməkdaşlığın təşviqini və Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təmin etməyi hədəfləyir. O bildirib ki, 2025-ci ildə tərəflər arasında bu mövzuda beş raund danışıqlar aparılıb və həmin görüşlər müsbət nəticələr verib. Van Çjihua dialoq yolu ilə mövcud problemlərin uğurla həll olunacağına əminliyini ifadə edib.
ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, 2025-ci ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 18,7% azalaraq 559,74 milyard dollara düşüb. Hesabat dövründə Çindən ABŞ-yə ixrac 20% azalaraq 420,05 milyard dollar təşkil edib. ABŞ-dan Çinə idxal isə 14,6% azalaraq 139,69 milyard dollara enib. Nəticədə Pekinin müsbət ticarət saldosu 2025-ci ilin 12 ayı ərzində 22,3% azalaraq 280,36 milyard dollar olub.