Bir sıra Avropa ölkələri Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsini tənqid edib- ÖZƏL 

Bir neçə Avropa İttifaqı ölkəsi Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü ilə bağlı planlara etirazını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa nəşri Politico diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa liderlərinə Ukraynanın maliyyələşdirilməsi üzrə yeni "yol xəritəsi" təqdim edib. Həmin plan Ukraynaya 10 il ərzində 800 milyard dollar ayrılmasını və ölkənin 2027-ci ilə qədər Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsini nəzərdə tutur. Bu barədə daha əvvəl Macarıstanın baş naziri Viktor Orban açıqlama verib. Politiconun yazdığına görə, təqdimatdan sonra geniş müzakirə aparılmasa da, bir sıra Avropa liderləri Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib ki, bəzi liderlər Ukraynanın bərpası ilə Aİ-yə üzvlüyünün bir-birinə bağlanmasının birlik üçün "gözlənilməz fəsadlar" yarada biləcəyindən ehtiyat edirlər.
Digər bir diplomat isə etirazların yalnız "bir-iki ölkədən" gəldiyini deyib və vurğulayıb ki, bu cür yanaşma indiyədək Aİ ölkələri səviyyəsində müzakirə olunmayıb. Mənbənin sözlərinə görə, ölkələrdən biri Aİ-yə üzvlüyün yalnız xidmət və meyarlar əsasında olmalı olduğunu bildirib, digəri isə Avropa İttifaqının genişlənməsinə qarşı "uzunmüddətli prinsipial mövqe" nümayiş etdirib.
Nəşr Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzvlüyünə qarşı çıxan ölkələrin adlarını açıqlamayıb.
Qeyd edək ki, Macarıstan hökuməti dəfələrlə Ukraynanın tələsik şəkildə Avropa İttifaqına qəbuluna qarşı olduğunu bəyan edib. Rəsmi Budapeştin mövqeyinə görə, bu addım Avropa iqtisadiyyatına zərər vura və Avropanın Rusiya ilə birbaşa hərbi qarşıdurma riskini artıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31