Tbilisi məhkəməsinin qərarlarına sərt reaksiya: “Bu, Konstitusiyaya ziddir” – ÖZƏL
09:58 DünyaOlaylar.az xəbər verir ki, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" qeyri-hökumət təşkilatı Tbilisi Şəhər Məhkəməsinin bu gün verdiyi qərarları kəskin tənqid edib. Təşkilatın bəyanatında bildirilir ki, səki üzərində etiraz aksiyası keçirdiyinə görə həbslə nəticələnən bu qərarlar Konstitusiyaya, insan hüquqlarının qorunmasına dair bütün beynəlxalq standartlara ziddir və Rusiya kimi avtoritar ölkələrə xas yeni praktika yaradır.
QHT vurğulayıb ki, bu cür qərarları çıxaran və ya gələcəkdə çıxaracaq hakimlər üçün heç vaxt bəraət ola bilməz. Təşkilatın fikrincə, "qanun belədir" arqumenti qəbulolunan deyil, çünki Gürcüstanın tərəfdar çıxdığı çoxsaylı beynəlxalq konvensiyalar və Konstitusiya pozulur.
Qeyd olunub ki, səki üzərində etiraz aksiyası keçirməyə görə ilk dəfə 15 sutkayadək inzibati həbs, təkrar hal üçün isə 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutan qanun dəyişiklikləri "Gürcü Arzusu"nun qeyri-legitim parlamenti tərəfindən 10 dekabr 2025-ci ildə qəbul edilib. Maraqlıdır ki, bu dəyişikliklər faktiki olaraq əsas insan hüquqlarından biri olan toplaşmaq azadlığını ləğv edir və Beynəlxalq İnsan Hüquqları Günündə qəbul olunub.
"Beynəlxalq Şəffaflıq - Gürcüstan" bildirib ki, hüquqları, o cümlədən ifadə və toplaşmaq azadlığı qanunsuz şəkildə pozulan şəxsləri həm ölkə daxilində, həm də beynəlxalq məhkəmələrdə müdafiə edəcək. Zərərçəkənlərin istəyi ilə işlər Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunacaq.