Ermənistan müxalifəti Seçki Məcəlləsinə dəyişikliklərə qarşı beynəlxalq qurumlara müraciət edəcək – ÖZƏL
18:16 DünyaErmənistan parlamentində müxalifətdə olan "Ermənistan" fraksiyası Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı beynəlxalq strukturlara müraciət edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə fraksiyanın katibi Artsvik Minasyan məlumat verib.
Ermənistan Milli Məclisi cümə günü keçirilən növbədənkənar iclasda Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr layihəsini birinci oxunuşda müzakirə edib və qəbul edib. Layihəyə əsasən, müşahidəçi missiyalarının adları seçkilərdə iştirak edən namizədlərin və ya partiyaların (siyasi alyansların) adları ilə əlaqəli ola bilməz. Həmçinin, qanunvericiliyə uyğun olaraq illik fəaliyyət hesabatını dərc etməyən qurumlara da məhdudiyyətlər nəzərdə tutulur.
Artsvik Minasyan Ermənistanda fəaliyyət göstərən müşahidəçi missiyaları və KİV-ləri, onun sözlərinə görə, "antidemokratik" xarakter daşıyan bu dəyişiklikləri beynəlxalq ictimaiyyətə çatdırmağa çağırıb.
"Hakimiyyətə nə isə xoş gəlməyəndə dərhal səfərbər olub istədikləri dəyişiklikləri edirlər. Əvvəlki dəyişikliklər də KİV üçün ciddi problemlər yaratmışdı: eyni prinsiplə onları akkreditasiyadan məhrum edə bilərlər. Yəni jurnalist hər hansı mənfi faktı göstərsə, onu anti-təbliğatda ittiham edib akkreditasiyasını ləğv edə bilərlər. Bu, total nəzarət qurmaq cəhdidir", - deyə müxalifət deputatı bildirib.
Minasyan əlavə edib ki, qanun layihəsinə əsasən, bütün tələblərin yerinə yetirilməsinə Mərkəzi Seçki Komissiyası nəzarət edəcək.
"Bildiyiniz kimi, hazırda MSK tam şəkildə hökumətin nəzarəti altındadır. Üstəlik, MSK necə müəyyən edəcək ki, hansısa müşahidəçi missiyası hər hansı partiya və ya müxalifət siyasətçisi tərəfindən maliyyələşdirilir? Sənəddə heç bir qiymətləndirmə meyarı yoxdur", - deyə o vurğulayıb.
Xatırladaq ki, ilkin məlumata görə, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.