Kaxa Kaladze: "Biz söyüş və təhqiri deyil, sivil debatları dəstəkləyirik" – ÖZƏL

"Gürcü Arzusu" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze ölkədəki siyasi mədəniyyətlə bağlı mühüm bəyanatla çıxış edib. 

Olaylar.az xəbər verir ki, jurnalistlərə müsahibə verən mer, cəmiyyətdə sağlam polemika əvəzinə təhqir və böhtan kampaniyalarının kök salmasından narahatlığını ifadə edib.

Kaladze qeyd edib ki, debat və fikir mübadiləsi bütün inkişaf etmiş ölkələrdə qəbul olunmuş ən sivil mübarizə üsuludur: "Debatlar və polemika hər zaman təqdirəlayiqdir. İnsanların fərqli baxışları ola bilər və məhz sivil müzakirələr sayəsində cəmiyyət hansı yolun daha doğru olduğunu anlamaq imkanı qazanır."

Tbilisi meri bəzi siyasi dairələrin davranışlarını kəskin tənqid edərək, siyasi müstəvidə yaranmış mövcud vəziyyəti "təəssüf doğuran" adlandırıb. Onun sözlərinə görə, təhqir, söyüş və böhtan bəzi partiyalar üçün gündəlik təcrübəyə çevrilib.

Çıxışının sonunda Kaladze hakim komandanın hər zaman açıq müzakirələrə hazır olduğunu vurğulayıb: "Biz bu təşəbbüsü alqışlayırıq və dəfələrlə bəyan etdiyimiz kimi, sağlam diskussiyanın tərəfdarıyıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31