Erməni vəkildən Qarabağla bağlı növbəti əsassız iddia – ÖZƏL

Olaylar.az xəbər verir ki, erməni vəkil Roman Yeritsyan sosial şəbəkə hesabında Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın açıqlamasına etiraz edib.

Yeritsyan qeyd edib ki, guya Qarabağı tərk edən insanlar miqrant deyil, zorla öz yurdundan didərgin salınmış şəxslərdir. Onun sözlərinə görə, Qarabağı tərk etmələri könüllü olmayıb, susqunluq, aclıq və qorxu şəraitində buna məcbur qalıblar.

"Biz evlərimizi öz istəyimizlə tərk etmədik, bizi qırğın təhlükəsi qarşısında qoydular və başqa çıxış yolu buraxmadılar. Biz sadəcə divarları yox, xatirələri, uşaqlığımızı, ünvanı yox, kimliyimizi itirdik. Qarabağ Azərbaycan deyil və siz bunu necə təqdim etməyə çalışsanız da, Artsax həmişə qəlbimizdə vətən olaraq qalacaq", - deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, indiyədək Azərbaycan Respublikasında (Qarabağda) yaşayan 10 erməni və Ermənistan vətəndaşı olan bir rus əsilli şəxs müvafiq qurumlara müraciət edərək Ermənistana köçmək istədiklərini bəyan ediblər. Həmin müraciətlər əsasında bu şəxslər Ermənistana köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31