Zelenskinin Orbanı hədəf alan açıqlamaları panikanın göstəricisidir- ÖZƏL
13:48 DünyaMacarıstanın Fundamental Hüquqlar Mərkəzinin aparıcı əməkdaşı Zoltan Koşkoviç Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbana ünvanladığı təhdid və ittihamları panika əlaməti kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, Koşkoviç X sosial şəbəkəsində (keçmiş Twitter) yazdığı paylaşımda bildirib ki, Zelenskinin Orbanı açıq şəkildə hədələməsi təkcə siyasi etikadan uzaq davranış deyil, həm də ciddi narahatlığın göstəricisidir. Onun sözlərinə görə, Zelenski anlayır ki, əgər Brüsseldəki tərəfdarları Macarıstanda özlərinə yaxın namizədləri hakimiyyətə gətirə bilməsələr, bu, onun siyasi gələcəyi üçün ciddi risk yarada bilər.
Ekspert vurğulayıb ki, Zelenskinin bu cür açıqlamaları Macarıstanın daxili siyasi proseslərinə, xüsusilə də seçkilərə "qeyri-etik müdaxilə" xarakteri daşıyır.
Xatırladaq ki, Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı "Avropanın hesabına yaşayan, amma onun maraqları ilə alver edən hər bir Viktor şilləyə layiqdir" ifadəsini işlədib. Bu sözlər Macarıstanın Baş naziri Viktor Orban tərəfindən təhqir kimi qiymətləndirilib.
Orban cavabında bildirib ki, "həyat hər şeyi öz yerinə qoyacaq və hər kəs layiq olduğu cavabı alacaq". O, həmçinin Zelenskini müharibəni dayandırmaq istəməyən və ya buna qadir olmayan bir siyasətçi kimi xarakterizə edib.