Hersoq Netanyahunun korrupsiya məhkəməsindən DANIŞDI və Trampdan...

İsrail tarixində görünməmiş siyasi-hüquqi proses davam edir. Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları dövlət institutlarını ciddi sınaq qarşısında qoyub.

Musavat.com bildirir ki, bu fonda İsrail prezidenti İsaak Hersoqun Davosdan verdiyi açıqlamalar isə prosesin yeni mərhələyə keçə biləcəyinə dair ciddi siqnallar verir.

İsrail mediasının məlumatına görə, Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında çıxış edən prezident İsaak Hersoq Netanyahunun davam edən məhkəmə prosesinin ölkəyə "mənfi təsir" göstərdiyini açıq şəkildə etiraf edib. Hersoq bildirib ki, baş nazirə mümkün əfv məsələsi artıq hüquqi baxımdan nəzərdən keçirilir.

"Uzun sürən hüquqi proses dövlət üçün ağır bir yükdür. Bu vəziyyətdən çıxış yolu tapılmalıdır. Lakin istənilən qərar yalnız İsrail qanunvericiliyi çərçivəsində qəbul edilə bilər", - deyə prezident vurğulayıb.

Bu açıqlama İsraildə hüququn aliliyi ilə siyasi reallıqlar arasında yaranmış ziddiyyətin ən yüksək səviyyədə etirafı kimi qiymətləndirilir. Hersoqun açıqlamasında ən diqqətçəkən məqam isə ABŞ prezidenti Donald Trampdan bu məsələ ilə bağlı şəxsi müraciət aldığını təsdiqləməsi olub. Prezident bildirib ki, Trampın bu istiqamətdə məktubu var.

"Lakin mən İsrail dövlətinin başçısıyam və yalnız bu statusa uyğun hərəkət edəcəyəm", - deyə İsaak Hersoq qeyd edib.

Bu bəyanat İsrailin daxili hüquqi proseslərinə beynəlxalq siyasi təsirin mümkünlüyü barədə mübahisələri yenidən alovlandırıb. 10 dekabr 2024-cü ildə Netanyahunun məhkəməsinin yenidən başlaması İsrail tarixində nadir hadisə kimi qiymətləndirilir. Ölkə tarixində ilk dəfədir ki, fəaliyyətdə olan baş nazir eyni vaxtda üç ağır cinayət işi üzrə mühakimə olunur. Netanyahu 2020-ci ildən bəri "İş 1000", "İş 2000" və "İş 4000" adlanan korrupsiya dosyeləri üzrə fırıldaqçılıq, etibardan sui-istifadə və rüşvətxorluqda ittiham edilir.

Benyamin Netanyahunun adı korrupsiya ittihamlarında ilk dəfə 1999-2000-ci illərdə hallanıb. Həmin dövrdə ona qarşı rüşvət, səlahiyyətdən sui-istifadə, istintaqa mane olmaq və dövlət əmlakını mənimsəmə də daxil olmaqla, 5 ittiham irəli sürülsə də, kifayət qədər sübut olmadığı üçün bütün işlər bağlanmışdı.

Bu işdə Netanyahu Hollivud prodüseri Arnon Milçan və milyarder Ceyms Pakerdən ümumi dəyəri təxminən 957 min şekel olan bahalı hədiyyələr almaqda ittiham olunur. Prokurorluğun iddiasına görə, Netanyahu bunun müqabilində Milçanın biznes maraqlarını müdafiə edib, o cümlədən ABŞ vizası və vergi güzəştləri məsələsində lobbiçilik göstərib. Bu iş üzrə ona fırıldaqçılıq və etibardan sui-istifadə ittihamı irəli sürülüb.

"İş 2000" Netanyahunun "Yedioth Ahronoth" qəzetinin sahibi Arnon Mozeslə gizli danışıqlarını əhatə edir. İttihama görə, baş nazir müsbət media işıqlandırması qarşılığında rəqib "İsrael Hayom" qəzetinin fəaliyyətini məhdudlaşdırmağa razılaşa bilərdi. Razılaşma rəsmiləşməsə də, prokurorluq bu faktın cinayət tərkibi daşıdığını bildirir.

Ən ağır ittihamlar "İş 4000" üzrə irəli sürülüb. Bu işdə Netanyahu "Bezeq" şirkətinin sahibi Şaul Eloviçə telekommunikasiya sahəsində milyardlarla şekel dəyərində üstünlüklər yaratmaqda, əvəzində isə "Walla!" xəbər portalında özünün və hökumətinin müsbət işıqlandırılmasını təmin etməkdə ittiham olunur. Prokurorluq bunu açıq rüşvət kimi qiymətləndirir. Bu maddə üzrə Netanyahunu 10 ilə qədər həbs cəzası gözləyə bilər.

İsrail Ali Məhkəməsinin 1993-cü il qərarına əsasən, ittiham olunan bütün vəzifəli şəxslər istefa verməlidir. Lakin bu qayda baş nazirlərə şamil edilmir. Netanyahu məhkəmə hökmü çıxana qədər vəzifəsində qala, seçkilərdə iştirak edə və yenidən baş nazirliyə iddia edə bilər.

Medianın məlumatına görə, Benyamin Netanyahunun cinayət işi üzrə hökm bu il çıxarıla bilər. Apellyasiya proseslərinin isə 2029-cu ilə qədər uzanacağı ehtimal olunur.

Netanyahu barəsindəki cinayət işlərinə "bu, cadugər ovudur" deməklə reksiya verib. Baş nazir bütün ittihamları qəti şəkildə rədd edir. O, bu prosesləri özünə və Likud partiyasına qarşı siyasi sifariş, "cadugər ovu" adlandırır və məhkəmənin hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edildiyini iddia edir.

Netanyahunun məhkəməsi İsrailin hüquqi dövlət olub-olmaması, institutların siyasi təzyiqə davamlılığı və demokratiyanın real sərhədləri ilə bağlı fundamental suallar doğurur. Prezident Hersoqun əfv siqnalları və Tramp faktorunun gündəmə gəlməsi isə bu sualları daha da kəskinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31